Azərbaycanda bərpaolunan enerjiyə özəl investisiyaların cəlbi müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyinin növbəti kollegiya iclası videokonfrans formatında keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" nazirliyə istinadən xəbər verir.

İclasda ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əldə olunan nəticələr, özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, qarşıda duran prioritet vəzifələr, həmçinin cari ilin birinci yarısında görülmüş işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclası açıq elan edən və iclasın gündəliyi haqqında məlumat verən kollegiya sədri energetika sektorunun inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş vəzifələrin icrasına dair görülmüş işləri diqqətə çatdırıb. Bildirilib ki, bərpaolunan enerji sahəsinə özəl invesitisyaların cəlb edilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” nəzərə alınmaqla yaşıl enerji məkanının yaradılması, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

İclasın gündəliyinə uyğun olaraq, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində həyata keçirilən layihələrin icra vəziyyətinə dair təqdimat nümayiş etdirilib. Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi sahəsində görülən işlər haqqında məlumat verilib. “Acwa Power”, “Masdar” və “BP” şirkətləri ilə pilot layihələr üzrə imzalanmış müvafiq müqavilələr çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.

Yekunda nazir Pərviz Şahbazov 2021-ci ilin ikinci yarısında görüləcək işlər və qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *