Azərbaycanın bərpaolunan enerjiyə keçidi iqtisadiyyata necə təsir edəcək? – ŞƏRH

image

Bərpaolunan enerji istehsalının artırılması həm atmosferə buraxılan karbon emissiyasının azaldılmasına həm də Azərbaycanın “Paris sazişi” çərçivəsində, 2030-cu ilə qədər karbon emissiyasının 35 % nisbətində azaldılması hədəfinə çatmasında əhəmiyyətli olacaq.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Azərbaycanın bərpaolunan enerjiyə keçidinin iqtisadiyyata təsirini “Berpaolunanenerji.az”a şərh edib.


Enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından enerji istehlakının şaxələndirilməsi olduqca əhəmiyyətlidir

Bu gün Azərbaycanın energetika sahəsində əsas hədəflərindən biri də 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerji mənbələrinin payının 30 %-a çatdırılmasıdır. Bu bir neçə aspektdən ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. İlk növbədə qeyd edim ki, enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından enerji istehlakının şaxələndirilməsi olduqca əhəmiyyətlidir. Yəni ümumi enerji islehlakında bərpaolunan enerji mənbələrinin payı nə qədər artırılarsa, bir o qədər karbohidrogen mənbələrindən asılılıq azalacaq.

Ümumi olaraq hal-hazırda Azərbaycanda elektrik enerjisi əsasən, təbii qazdan əldə edilir. Elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payı nə qədər artırılarsa, bir o qədər təbii qaza qənaət oluna bilər. Qənaət edilən təbii qaz xarici ölkələrə satılaraq Azərbaycanın ixrac potensialını artıra bilər. İxrac potensialının artması, öz növbəsində, ölkəyə xarici valyuta axınının təmini baxımından əhəmiyyətlidir. Və ya qənaət edilən təbii qaz bu gün sənayedə xammal kimi istifadə oluna bilər. Qeyd edim ki, hal-hazırda SOCAR Karbamid və SOCAR Metanol zavodlarında təbii qaz xammal kimi istifadə olunur.

 

Azərbaycanda, o cümlədən Qarabağda geniş alternativ enerji potensialı mövcuddur

2013-2019-c illər arasında günəş enerjisinin istehsalı 131 dəfə, eyni zamanda bu illər ərzində külək enerjisinin istehsalında 55 dəfə artım qeydə alınıb. Demək olar ki, ölkənin bütün bölgələrində günəş enerjisinin istehsalı mümkündür. Külək enerjisi isə Bakı, Abşeron yarımadası, Xəzər akvetoriyası və Xızı rayonunda daha əlverişlidir.

Qeyd edim ki, Qarabağ bölgəsində geniş alternativ enerji potensialı mövcuddur. Azərbaycanın 27 min MVt bərpaolunan enerji potensialı mövcuddur ki, bunun 23 min MVt-ı günəş, 3 min MVt-ı isə külək enerjisinin payına düşür. İlkin dəyərləndirmələrə görə, Qarabağ bölgəsində 4 min MVt günəş və 500 MVt külək enerjisi potensialı mövcuddur.

Günəş və külək enerjisinin istehsalı Azərbaycanda olduqca əhəmiyyətlidir. Son dövrlər kənd təsərrüfatının inkişafı biokütlə enerjisinin istehsalını da əlverişli edir.

Bərpaolunan enerji mənbələrinin istehsalı iqtisadi nöqteyi nəzərindən bir çox dividentlər gətirəcək

Son dövrlər atılan əsaslı addımlar artıq öz bəhrəsini verir

Bu gün ölkənin əsas strateji hədəflərindən biri də Qarabağda “yaşıl enerji” zonasının yaradılmasıdır. Bölgədə alternativ enerji ilə bağlı ciddi potensial mövcuddur. Bu istiqamətdə bp şirkəti ilə Zəngilan-Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalanıb.

Xarici şirkətlər Azərbaycanda bərpaolunan enerji sektoruna investisiya qoymaqda maraqlıdır. Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri müvafiq olaraq Azərbaycanda 240 MVt gücündə külək və 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisini həyata keçirəcəklər. Bu stansiyaların tikintisi ilə ildə 335 milyon kubmetr təbii qaza qənaət edilə biləcək. Bu da təbii qazın sənayedə xammal kimi istifadə olunmasına və ixrac potensialının artırılmasına səbəb olacaq. Həmçinin 600 min ton karbon emissiyası azala bilər. Qeyd edim ki, bu çox ciddi bir rəqəmdir. Stansiyaların tikintisi eyni zamanda xarici investisiyanın cəlb edilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu investisiyalar həm də real sektorun canlanmasına, büdcə daxilolmalarının artmasına səbəb olacaq.

Alternativ enerji sektoru əmək tutumu yüksək olan bir sektordur

Bu sektorun inkişafı öz növbəsində ölkə iqtisadiyyatının canlanması, ölkədə məşğulluğun, həmçinin kiçik və orta biznes subyektlərinin inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Hazırda dünyada bərpaolunan enerji sektorunda 12 milyon insan çalışır. Təkcə Avropa İttifaqında (Aİ) təqribən 1,2 milyon insan bu sektorda işləyir. Misal olaraq, Almaniyada 350 min insan bərpaolunan enerji sahəsində fəaliyyət göstərir. Bu da, ölkə iqtisadiyyatının inkişafı, istehlak xərclərinin artırılması və ÜDM həcminin artırılması baxımından əhəmiyyətlidir. Almaniya nümunəsinə baxsaq, ölkədə külək turbinləri və günəş panelləri istehsal edilir. Bu da alternativ enerji istehsalının maya dəyərini aşağı salır. Eyni zamanda istehsal olunan alternativ enerji qurğuları xarici ölkələrə satılaraq ölkənin ixrac potensialını artırır.

Bölgədə bərpaolunan enerji avadanlıqlarının istehsalı əlverişli ola bilər

Bərpaolunan enerji qurğularının istehsalı bölgə iqtisadiyyatının canlanması və yeni investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli ola bilər. Eyni zamanda bərpaolunan enerji avadanlıqlarının qonşu ölkələrə ixracı gəlir və ixrac potensialının artmasına səbəb olar. Bu da qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *