Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V “Enerji İnvestisiya Forumu” keçirilib. Tədbirdə 11 üzv ölkə, Proqrama dəstək verən və tərəfdaş qismində çıxış edən beynəlxalq təşkilatlar təmsil olunub.
Bu barədə "Berpaolunanenerji.az"a Energetika Nazirliyindən bildirilib.
Forumun açılış mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov CAREC Proqramını iyirmi ildir böyük bir coğrafi ərazidə müxtəlif sahələr üzrə qarşılıqlı-faydalı əlaqələri təmin və təşviq edərək regionun inkişafına töhfə verən əməkdaşlıq formatı kimi qiymətləndirib. 2021-ci ildə CAREC-ə sədrliyin ölkəmiz üçün tarixi bir dövrdə gerçəkləşdiyini vurğulayan nazir bildirib ki, Azərbaycan hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun bərpası və reinteqrasiyası ilə bərabər təhlükəsiz və genişmiqyaslı əməkdaşlıq məkanının yaradılması istiqamətində kommunikasiyaların açılmasını, yeni nəqliyyat dəhlizinin yaradılmasını əhatə edən proseslər həyata keçirir. Həmçinin azad edilmiş əraziləri “yaşıl enerji “zonasına çevirəcəyini ali səviyyədə elan edib. Ölkəmizin regional əməkdaşlığın dərinləşdirilməsi və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstəyini əks etdirən bu cür konstruktiv mövqeyi regionun gələcək enerji arxitekturası üçün də güclü əsasdır.
Energetika naziri enerji ilə bağlı qlobal tendensiyalardan bəhs edərkən hazırkı enerji böhranın təsirlərinə də diqqət yetirib. Bildirilib ki, karbohidrogenlərsiz gələcəyə doğru sərt və tələsik siyasi ritorikaları, enerji resurslarına münasibətdə tarazlı yanaşma, enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı təmin edən real, düşünülmüş addımlar əvəz etməlidir. Yalnız bir enerji resursundan asılı enerji təchizatının dayanıqlığı qeyri-realdır. Biz bərpa olunan enerji, hidrogen ilə bağlı iddialı plan və hədəflərimizi reallaşdırarkən “xalis sıfır” emissiyaya aparan digər yollardan - innovativ texnologiyaların imkanlarından, xüsusilə enerji səmərəliliyindən faydalanmalıyıq.
Energetika naziri enerji səmərəliliyinin karbon emissiyalarını azaltmaq üçün ən sürətli və rentabelli həlləri özündə birləşdirdiyini, enerji ehtiyaclarını ödəmək üçün ən təmiz və əksər hallarda ən ucuz yolu təmsil etdiyini vurğulayıb: “Ən yaxşı enerji qənaət edilmiş enerjidir. Enerji səmərəliliyində irəliləyişlər ekoloji, iqtisadi və sosial faydalarla nəticələnir ki, bu da hər bir ölkənin bu prosesə cəlbi üçün əsas faktorlardır. Bu il qəbul olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun ölkəmizdə səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaqdır. Qarşıdakı illərdə enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin isə müvafiq olaraq 2% və 8%-dək azaldılması əsas hədəflərimizdəndir. Biz gələcəyimizi “təmiz ətraf mühit”ə malik “yaşıl artım” ölkəsinə çevrilməkdə görürük.”
Qeyd edilib ki, enerji səmərəliliyi ilə bağlı prosesin sürəti siyasi dəstəklə bərabər maliyyələşmə ilə bağlıdır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər “xalis sıfır emissiya”ya nail olmaq üçün dünyada enerji səmərəliliyinə ümumi illik investisiya 2030-cu ilə qədər üç dəfə artırılmalıdır.
Asiya İnkişaf Bankının vitse-prezidenti Shixin Chen isə bildirib ki, 2021-ci ildə Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) sədrliyi digər məsələlərlə yanaşı, regionda enerji səmərəliliyi üzrə ilk regional maarifləndirmə kampaniyasına uğurla start verib: “Azərbaycanın rəhbərliyi ilə CAREC enerji cəmiyyəti də yaşıl enerji üzrə CAREC Yaşıl Enerji İttifaqının konsepsiyasının işlənib hazırlanmasına başlayıb. Bu İttifaq tezliklə investisiyalara hazır olan yaşıl layihələri müvafiq maliyyəçilərlə əlaqələndirmək üçün platforma yaradacaqdır”.
Onun sözlərinə görə, enerji səmərəliliyindəki qlobal tərəqqi son on il ərzində zəifləyərək, dünyada, təxminən, 1%-ə qədər olub. Növbəti 10 il ərzində CAREC regionunda təkcə enerji infrastrukturuna, təxminən, 400 milyard dollar sərmayə qoyulmalıdır.
Asiya İnkişaf Bankının baş direktoru Suzanne Gaboury isə Enerji İnvestisiya Forumunun CAREC regionuna özəl investisiyaların cəlbini sürətləndirəcəyinə inamını ifadə edib: “Enerji səmərəliliyinin digər təmiz texnologiyaların tətbiqindən açıq şəkildə geri qaldığını müşahidə edirik. Enerji səmərəliliyinə cari qlobal investisiyalar ildə, təxminən, 240 milyard dollar təşkil edir və bərpaolunan enerji sahəsinə qoyulan investisiyalardan xeyli geri qalır. Enerji səmərəliliyi yalnız energetika sektorunu əhatə etmir, enerji səmərəliliyinin demək olar ki, iqtisadiyyatın bütün sahələri ilə əlaqəsi var, o cümlədən nəqliyyat, binalar və sənaye də bu sahələrə aiddir. Ona görə də bu prosesdə sərmayələr vacibdir”
Forumda enerji səmərəliliyinə nail olmaq üçün mümkün vasitələr, elektroenergetikada enerji səmərəliliyinin rolu, maliyyə mexanizmləri, enerji səmərəliliyi baxımından yeni texnologiyaların tətbiqinə dair məruzələr edilib. Startaplar nümayiş etdirilib. Qeyd olunub ki, bu onillikdə regionda etibarlı, dayanıqlı və səmərəli enerji bazarının formalaşdırılması ilə enerji səmərəliliyi səviyyəsinin iki dəfə artırılması CAREC Proqramının 2030-cu ilədək enerji strategiyasında əsas hədəflərdəndir. Bu hədəfə səyləri gücləndirmək və Asiya İnkişaf Bankı ilə yanaşı digər maliyyə qurumlarının dəstəkləri ilə nail oluna bilər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında 2003-cü ildən iştirak edir.
Rəylər (0):