Bakı Enerji Forumunun xüsusi sessiyası Naxçıvanda keçiriləcək

image

Bakı Enerji Forumunun Naxçıvan şəhərində xüsusi sessiyasının keçirilməsi gözlənilir.  

“Renewables.az”a bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

"Heydər Əliyev ili" kontekstində bu sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcəkdir. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Ölkə başçısı İlham Əliyev bir müddət öncə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Naxçıvanda təşkil olunması planlaşdırılan tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram da keçiriləcəkdir.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirakçılar siyahısında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyədən olan şirkətlər yer tutur.

Tədbirlərin sponsorları ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, TotalEnergies, Turkish Petroleum, Uniper şirkətləridir. Baku Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək.

Qeyd edək ki, "Renewables.az" Bakı Enerji Forumuna internet dəstəyi göstərir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *