Bakı Enerji Həftəsi çərçivəsində forum və sərgilər keçiriləcək

image

Azərbaycanda “Caspian Event Organisers”, “Iteca Caspian” şirkətləri və onların beynəlxalq tərəfdaşlarının təşkilatçılığı ilə 31 may-3 iyun tarixlərində Bakı Enerji Həftəsi keçiriləcək.

“Renewables.az”a bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

Sözügedən hadisə bir sıra sənaye tədbirlərini - 28-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu özündə birləşdirir. Qeyd edək ki, Bakı Enerji Həftəsi Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.

Ənənəvi “Caspian Oil & Gas” sərgisi hər il olduğu kimi bu il də enerji sənayesinin liderlərini bir araya gətirəcək. Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə təşkil ediləcək: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi. Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. “Caspian Oil & Gas” sərgisi artıq neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı bir platformadır.

Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcəkdir. Sərginin proqramı bərpa olunun enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin başlıca çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən forum konfransın missiyasını daha geniş spektrdə davam etdirəcək. Forumun gündəliyinə “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji̇ böhranı dövründə qaz təchi̇zatının rolu” və s. kimi mövzular müzakirə olunacaq.

Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi gözlənilir.  "Heydər Əliyev ili" kontekstində bu sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcəkdir. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Ölkə başçısı İlham Əliyev bir müddət öncə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Naxçıvanda təşkil olunması planlaşdırılan tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram da keçiriləcəkdir.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirakçılar siyahısında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyədən olan şirkətlər yer tutur.

Tədbirlərin sponsorları ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, TotalEnergies, Turkish Petroleum, Uniper şirkətləridir. Baku Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək.

Qeyd edək ki, "Renewables.az" Bakı Enerji Həftəsinə internet dəstəyi göstərir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *