Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib

image

Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji qurumları arasında görüş keçirilib.

Renewables.az bu barədə "Azərenerji" ASC-ə istinadla xəbər verir.

Görüşdə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev, Energetika nazirinin müavini Elnur Sultanov, “Gürcüstan Dövlət Elektrik Sistemi” şirkətinin Baş Direktoru George Gigineishvili, Rumıniyanın “Transelectrica” şirkətinin İdarə heyətinin üzvü Bogdan Toncescu və Macarıstanın “MVM” Grupun nümayəndəsi Robert Endrejterin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

Qeyd edək ki, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə düzənlənən bu tədbir 17 dekabr 2022-ci il tarixində Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ölkələrinin dövlət və hökumət başçıları tərəfindən imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”-in icrası istiqamətində keçirilib.

Sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpa olunan enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul olunub.

Sazişin icrası istiqamətində 4 ölkənin məsul nazirlərindən ibarət yaradılmış  Rəhbər Komitənin artıq 5 iclası keçirilib. Budapeşt şəhərində keçirilmiş son görüşdə növbəti addım olaraq Bakıda ötürücü qurumların arasında Birgə Müəssisənin yaradılması məqsədi ilə görüşün təşkil edilməsi razılaşdırılmışdır.

Bu xüsusda 18 dekabr tarixli tədbirin məqsədi tərəflərin məsul qurumları arasında ilk işçi görüşün keçirilməsi və layihənin icrası ilə bağlı hüquqi və digər praktiki aspektlərinin müzakirəsidir. 

Görüşdə birgə Müəssisənin yaradılması və layihənin davamı üçün yol xəritəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün razılaşma protokolu imzalanıb və növbəti görüşün bu formatda Gürcüstanda keçirilməsi razılaşdırılıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *