Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri) müəyyənləşəcək.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 19 may tarixli iclasında müzakirəyə çıxarılacaq “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.
Bu qanunla müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.
Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.
Zəmanətli tariflər bu Qanuna uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.
Rəylər (0):