Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında ikili diplom proqramına 2024/2025-ci tədris ili çərçivəsində qəbul prosesi davam edir.
Renewables.az-ın ADNSU-ya istinadən xəbərinə görə, fəaliyyəti Dövlət Neft və Sənaye Universitetinin vəsaiti hesabına tam təmin edilən ikili diplom proqramında tələbələr ödənişsiz təhsil alacaqlar. Vorvik Universiteti 2025-ci il üçün QS dünya universitetləri reytinq cədvəlində 69-cu yerdə qərarlaşıb.
Bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində tədris təklif edən bu proqramın əsas hədəfi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanaraq ölkəmizdə bərpaolunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycanın təmiz enerjiyə keçidinə həm akademik, həm də texniki tərəfdən mümkün töhfələrin verilməsidir. Başqa sözlə, Böyük Britaniyaya getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu ikili diplom proqramının əsas məqsədi bərpaolunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanmasıdır.
Proqram Vorvik Universitetinin “Warwick Manufacturing Group” departamenti tərəfindən tədris edilən səkkiz modul və müvafiq kurs işlərini, həmçinin ADNSU-nun təklif etdiyi altı fənn blokunu bitirən, eləcə də dissertasiya işini uğurla təqdim edən bütün tələbələrə həm Vorvik Universitetinin, həm də ADNSU-nun magistr dərəcəsini qazanmaları üçün əhatəli tədris planı təklif edilir.
Burada təhsil alan tələbələrə gələcəkdə 35 gün davam edəcək yay məktəbi dövründə Böyük Britaniyada günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla bərpaolunan enerji bölgələrinə, həmçinin sahə ilə əlaqəli şirkətlərə baş çəkmək üçün misilsiz fürsətlər təqdim olunur.
Səyahət və viza xərcləri daxil olmaqla səfər xərcləri, həmçinin qalma və qidalanma daxil bütün əlaqədar xərclər ADNSU tərəfindən tam formada ödənəcək. Yay məktəbi dövründə “Energy Systems Integration” və “UK Renewable Energy Sector” fənn blokları tədris ediləcək. Əlavə olaraq, yay məktəbinin tədris planında tarixi abidələrin, eləcə də muzeylərin tələbələr tərəfindən ziyarət edilməsi və bu qəbildən olan müxtəlif mədəni fəaliyyətlər nəzərdə tutulub.
Təhsil proqramı üçün tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin karbonsuz təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcək.
Rəylər (0):