BƏƏ-nin təmiz enerji mərkəzi olan Masdar – Abu Dhabi Future Energy Company, Böyük Britaniyanın "Dogger Bank South" (DBS) dənizdə külək enerjisi layihələrinin icrasında 49 faiz paya sahib olacaq.
Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, Almaniyanın RWE şirkəti ilə birgə icra ediləcək layihənin maliyyələşdirilməsi üçün 11 milyard funt-sterlinq investisiya tələb olunur ki, bunun da 49 faizini Masdar qarşılayacaq.
Bununla bağlı COP 28 çərçivəsində tərəflər arasında anlaşma müqaviləsi imzalanıb.
DBS layihəsinin milyonlarla evi enerji ilə təmin edəcəyi və 3 minə qədər iş yeri yaradacağı gözlənilir. İngiltərənin şimal-şərq sahillərindən 100 kilometrdən çox məsafədə yerləşəcək 3 QVt gücündəki DBS dənizdə külək stansiyaları şərq və qərb sahələri olmaqla iki hissəyə bölünəcək.
Hər bir sahə 1,5 QVt gücündə olacaq və 500 kvadrat kilometr ərazini əhatə edəcək. Masdar əlamətdar bərpa olunan enerji layihəsində 49% pay alacaq, RWE isə 51% payla layihələrin bütün ömrü boyu inkişaf, tikinti və istismara cavabdeh olaraq qalacaq.
Tikinti mərhələsi 2025-ci ilin sonunda başlaya bilər və ilk 800 MVt elektrik enerjisinin 2029-cu ildə şəbəkəyə verilməsi planlaşdırılır. DBS layihələrinin 2031-ci ilin sonuna qədər tam istifadəyə verilməsi gözlənilir.
Rəylər (0):