Beynəlxalq Maliyyə Korporasiyasının ESMA layihəsi ilə əməkdaşlıq çərçivəsində, ilkin təhlillərə görə Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli külək enerjisi potensialı var. Burada küləyin orta sürəti saniyədə 7 metrdən çoxdur.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar zamanı təqdimatla çıxışında bildirib.
“Hazırda Azərbaycanda ümumi elektrik enerjisinin qoyuluş gücü təqribən 7,5 QVt-dır. Bu güc ölkəni elektrik enerjisi ilə tam təmin etməyə, hətta enerjini ixrac etməyə imkan verir. İlkin hesablamalara görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 QVt təşkil edir. Bu da təxminən ümumi gücdən təxminən 22 dəfə çoxdur”, - deyə Təbriz Əmmayev qeyd edib.
Bildirilib ki, sabit bünövrəli külək enerjisinin potensialı 35 QVt (50 m-dən az dərinlikdə), üzən külək enerjisinin potensialı isə 122 QVt (1000 metrdən az dərinlikdə) həcmində dəyərləndirilir.
Rəylər (0):