bp ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın genişlənməsi məsələləri nəzərdən keçirilir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də bp qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, söhbət zamanı bp şirkətinin bərpaolunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edilib, bu sahədə bp ilə əməkdaşlığın genişlənməsi məsələlərinin nəzərdən keçirildiyi bildirilib. bp şirkətinin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji ilə bağlı planlarının əhəmiyyətinə toxunularaq bunun həmin ərazilərdə ölkəmizin bəyan etdiyi kimi, yaşıl enerji ərazisinə transformasiya etmək işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Qeyd edilib ki, bu işlər böyük potensiala malikdir, xüsusilə nəzərə alınsa ki, Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.

bp qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində səylərini yüksək qiymətləndirərək ölkəmizin bu istiqamətdə dünyanın aparıcı dövlətləri sırasında olduğunu deyib və bildirib ki, Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *