Çinin fotovoltaik məhsullar ixracı 2 dəfədən çox artıb

image

Çinin fotovoltaik məhsullar ixracı cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 113 faiz çoxalıb.

"Berpaolunanenerji.az" Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ixrac edilmiş fotovoltaik məhsulların ümumi dəyəri 3,83 milyard ABŞ dolları olub.

Çində günəşdən alınan elektrik enerjisi potensialı isə 25,8 faiz çoxalaraq, 340 giqavatta çatıb. Cari il ərzində ümumi gücü 100 giqavattadək günəş panellərinin quraşdırılması nəzərdə tutulub. Bu, Çinin 2060-cı ilədək ümumi enerji istehlakında bərpaolunan mənbələrdən alınan enerjinin miqdarının 80 faizədək çatdırılması hədəfinə nail olmaq istiqamətində atılan növbəti addımlardır.

Qeyd edək ki, hazırda ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid bir çox ölkə üçün əsas hədəflərdən birinə çevrilib. Çin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır. Ötən il ölkənin bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 giqavatta çatıb ki, bu da ölkənin ümumi generasiya gücü potensialının 43,5 faizi deməkdir. Mövcud dinamikaya nəzər yetirəndə Çin hökumətinin 2030-cu ilədək günəş və külək mənbələrindən 1200 giqavatt enerji əldə etmək, habelə 2060-cı ilədək bütün enerjinin 80 faizini alternativ mənbələrdən təmin etmək hədəfinə çatacağı real görünür. Alternativ enerji mənbələrinin inkişafına görə Çin dünyada birinci sırada qərarlaşır və son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *