Özbəkistan Respublikasında yeni enerji güclərinin işə salınması və bir sıra obyektlərin tikintisinə həsr olunmuş mərasim keçirilib.
Renewables.az bu barədə Özbəkistan Milli İnformasiya Agentliyinə (uza.uz) istinadən xəbər verir.
Tədbirdə ümumi dəyəri 7 milyard dollardan çox olan 24 layihəyə start verilib. O cümlədən, Buxara, Nəvai, Namanqan və Daşkənd vilayətlərində ümumi gücü 2,3 min meqavata yaxın olan 5 günəş və külək elektrik stansiyası və 5 yüksək gərginlikli yarımstansiya şəbəkəyə qoşulub.
Özbəkistanda ilk dəfə olaraq Əndican və Fərqanədə 300 meqavat gücündə enerji saxlanc anbarları sistemi yaradılıb. Kaşkədəryada 400 meqavat gücündə elektrik stansiyası, Daşkənddə müasir kogenerasiya qurğusu, Əndican, Surxandərya və Daşkənd vilayətlərində 4 kiçik su elektrik stansiyası tikilib.
Bundan başqa, Fərqanə, Səmərqənd, Nəvai, Daşkənd vilayətlərində və Daşkənd şəhərində ümumi gücü 2,5 giqavat olan 6 enerji obyektinin tikintisinə başlanılıb.
Bu yeni layihələr növbəti illərdə əlavə olaraq 9,5 milyard kilovat-saat elektrik enerjisi istehsalına, 2,5 milyard kubmetr təbii qaza qənaət etməyə, atmosferə 4,6 milyon ton zərərli qazın atılmasının qarşısını almağa imkan verəcək. 4 milyondan çox ev fasiləsiz və ekoloji cəhətdən təmiz enerjiyə malik olacaq.
Ümumilikdə, 2025-ci ildə Özbəkistanda 84 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq ki, bu da 2016-cı illə müqayisədə 25 milyard kilovat-saat və ya 1,5 dəfə çoxdur.
Mərasimdə çıxış edən prezident Şavkat Mirziyoyev bütün bu layihələrin birbaşa xarici investisiyalar hesabına həyata keçirildiyini vurğulayıb. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin və Almaniya şirkətlərinə, həmçinin Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və digər beynəlxalq qurumlar bu layihələrin həyata keçirilməsində iştirak edib.
Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud iştirak ediblər.
Prezident Şavkat Mirziyoyev simvolik düyməni işə salması ilə 18 enerji obyektinin istismarına və 6 yeni layihənin tikintisinə başlamasını təmin edib.
Rəylər (0):