Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) tərəfindən qurulan ilk dərin dənizdə üzən külək turbini platforması Vençan şəhəri yaxınlığındakı dəniz ərazisinə yola düşüb.
"Renewables.az" "Global Times" saytına istinadən xəbər verir ki, külək turbininin gücü 7,25 meqavatdır və hər il 22 milyon kilovat-saat elektrik enerjisi istehsal edə bilər ki, bu da Çində 30 min insanın illik enerji istehlakına bərabərdir.
Platforma Vençandan 136 kilometr aralıda qaz və neft yatağının ərazisində quraşdırılacaq. İstehsal olunacaq elektrik enerjisi kabellər vasitəsilə ətrafdakı qaz və neft hasilatı obyektlərinə ötürüləcək, bununla da 10 milyon kubmetrə yaxın təbii qaz istehlakına qənaət ediləcək və ildə 22 min ton CO2 emissiyası azalacaq.
Ekstremal hava şəraitinin yaşandığı dərin dəniz ərazilərində fəaliyyət göstərmək üçün platformanın fiziki quruluşu və külək turbini maksimal sürəti saniyədə 84 metr olan güclü küləyə tab gətirə biləcək şəkildə layihələndirilib.
CNOOC qeyd edib ki, platforma həm də dərin dəniz ərazilərində qaz və neft hasilatı qurğularını enerji ilə təchiz etmək üçün istifadə edilən dünyanın ilk üzən külək turbin platformasıdır və investisiya, poladdan istifadə və ümumi güc daxil olmaqla bir sıra göstəricilərə görə dünyada liderdir.
Hazırda Çinin ümumi gücü 30 qiqavatdan çox olan 20-dən çox dəniz külək elektrik stansiyası var və dəniz külək enerjisi sektorunda dünya lideri mövqeyini qoruyub saxlayır.
Rəylər (0):