Azərbaycan Respublikası Energetika Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyi arasında mövcud əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın "Kent" şirkətinin mütəxəssisləri tərəfindən "Dənizdə külək enerjisi və hidrogen" mövzusunda vebinar keçirilib.
"Berpaolunanenerji.az" BOEMDA-ya istinadən xəbər verir ki, vebinarda yaşıl hidrogenin istehsal prosesi, dənizdə külək texnologiyaları barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçıların sualları cavablandırılıb.
Vebinarda "Kent" (kentplc.com) şirkətinin Britaniya üzrə icraçı direktoru Les Nyuman, Azərbaycan üzrə ölkə rəhbəri Patrik Beyrd və Dənizdə Külək Enerjisi üzrə komanda rəhbəri Devid Houyi dəniz küləyi enerjisi üçün sahə konsepsiyasının müəyyənləşdirməsi və təməlin seçilməsi haqqında məlumat veriblər. Onlar, həmçinin, hidrogenin enerji keçidində vacibliyini vurğulayaraq Britaniyada hidrogen istehsalı və paylanması üzrə təcrübədən misal gətiriblər.
Qeyd edək ki, vebinarda Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, “Azalternativenerji” MMC-nin və digər dövlət, özəl qurumların əməkdaşları iştirak ediblər.
Rəylər (0):