Alkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional rəhbəri təyin edilib.
Renewables.az EBRD-yə istinadən xəbər verir ki, o, vəzifəsinin icrasına sentyabrın 1-dən Tbilisidə başlayıb.
Bildirilib ki, Drakinos EBRD-nin müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Gürcüstan və Ermənistan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, Bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.
Bu günə qədər Bank Qafqazda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub. Bu investisiyaların böyük hissəsi özəl sektorun inkişafını dəstəkləməyə yönəldilib.
Qeyd edək ki, Bankla əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək”, “Azərbaycanda kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün təmiz ölçü sistemi üzrə normativ çərçivənin tətbiqinin dəstəklənməsi” layihələri həyata keçirilir həmçinin "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb.
Rəylər (0):