Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib

image

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda işçi qrupun rəhbəri, nazir müavini Samir Vəliyev Dünya Bankı rəhbərliyinin “Doing Business” hesabatının dərc edilməsinin dayandırılması barədə qərarına baxmayaraq, işçi qrupun bu il üçün təsdiq etdiyi Fəaliyyət Planına uyğun olaraq müvafiq sahədə işlərin bundan sonra da vaxtında və keyfiyyətlə icrasının davam etdirilməsinin zəruriliyini qeyd edib.

Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə deyib ki, “Doing Business” komandası tərəfindən sözügedən hesabatın 7 indikatoru üzrə ölkəmizdə aparılan islahatlar 2019-cu ildə qəbul edilsə də, sonradan elan edilmiş rəsmi bəyanatda 3 indikator, o cümlədən elektrikə qoşulma üzrə islahatları sahibkarların qəbul etməməsi əsas gətirilərək reytinqlərin hesablanması zamanı nəzərə alınmayıb. Bununla əlaqədar, ölkəmizə qarşı göstərilən qərəzli münasibətə etiraz edilib və müvafiq sahədə görülmüş real işlər və islahatlar barədə məlumatların qarşı tərəfə yenidən təqdim edilməsi təmin olunub. Hesabatın hazırlanması zamanı neqativ halların baş verməsi ehtimallarının araşdırılması məqsədilə Dünya Bankının rəhbərliyi 3-cü tərəf kimi hüquqi şəxsi bu işlərə cəlb edib. Nəticədə “Doing Business” hesabatının dərc olunması 3 dəfə təxirə salınıb və araşdırma nəticəsində üzə çıxan neqativ hallar nəzərə alınaraq 2021-ci ilin sentyabr ayında hesabatın növbəti buraxılışının dərc edilməsinin dayandırıldığı elan edilib. V.Şıxəliyev bu cür halların baş verməsinə baxmayaraq, işçi qrupunun müvafiq sahədə islahat aparılması və sahibkarların işinin asanlaşdırılması istiqamətində işləri davam etdirməsinin vacibliyini vurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələrinin işçi qrupunun Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərlə bağlı gördüyü işlər barədə məlumat verilib.

“Azərişıq” ASC-nin təqdim etdiyi “Paylayıcı Şəbəkələr üzrə Enerji Təchizatının Keyfiyyət Göstəricilərinin Təyin Edilməsi Metodikası” adlı sənədin və bununla əlaqədar irəli sürülən təkliflərin müzakirəsi aparılıb. Energetika Nazirliyi, o cümlədən aidiyyəti qurumların mütəxəssislərinin rəy və təklifləri nəzərə alınmaqla sözügedən sənədin təkmilləşdirilməsi, illik elektrik enerjisi təchizatında fasilələrin azalması və texnoloji itkilərin minimuma endirilməsi məqsədilə görüləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması qərara alınıb.

İclasda, həmçinin elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb, “Azərişıq” ilə “Deloitte” şirkəti arasında bu sahədə sıx əməkdaşlığın qurulması barədə fikirlər səsləndirilib. Eyni zamanda işçi qrupunun fəaliyyətində səmərəliliyinin artırılması üçün özəl sektorun, o cümlədən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin İşçi Qrupuna cəlb olunması məsələsinə baxılması təklif edilib.

İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq”, “Azərenerji” ASC, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Deloitte” və “Ekvita” şirkətlərinin nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *