Energetika naziri Pərviz Şahbazov İraqın neft naziri ilə görüşüb

image

Energetika Nazirliyində nazir Pərviz Şahbazovla ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

“Berpaolunanenerji.az”un nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə, əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

P. Şahbazov, eyni zamanda müasir trendlərə uyğun olaraq bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” məkanlarına çevrilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır. Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpaolunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib.

Görüşdə, həmçinin İraqın bərpaolunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.


 

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *