İyunun 22-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, gündəliyin 10-cu məsələsini - "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsini birinci oxunuşda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib.
Bildirib ki, qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilib. Hazırda ölkəmizdə bu sahədə qüvvədə olan qanunun qəbulundan 25 il keçib və həmin qanun müasir tələblərə qismən cavab verir. Bu baxımdan yeni qanunun hazırlanmasını ictimai sifariş kimi də qiymətləndirmək olar. Yeni qanun qəbul edildikdən sonra enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyəcək.
8 fəsil, 23 maddədən ibarət olan qanun layihəsi enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin məqsədlərini, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamları, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatında səmərəlilik və digər məsələləri özündə ehtiva edir.
Müzakirələrdə çıxış edən deputatlar Vahid Əhmədov, Etibar Əliyev, Fəzail Ağamalı, Sahib Alıyev, Rüfət Quliyev, Asim Mollazadə və Əziz Ələkbərov qanun layihəsini yüksək qiymətləndiriblər, qeyd və təkliflərini bildiriblər. Komitə sədri Sadiq Qurbanov sualları cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Rəylər (0):