Dünyada bərpaolunan enerji mənbələrindən istifadə sürətlə genişlənir. Artıq Almaniya, Danimarka, Latviya, İspaniya kimi ölkələrdə əhali elektrik enerjisinə olan tələbatını ödəmək üçün bərpaolunan enerji qurğularından istifadə edir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
"Berpaolunanenerji.az" xəbər verir ki, "Report" bununla bağlı suallarını Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Oksford universitetinin fəxri professoru Fəqan Əliyevə ünvanlayıb. Müsahibəni təqdim edirik:
- Professor, əvvəlcə Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişaf tarixinə nəzər salaq.
- Sovet dövründə Azərbaycanda günəş kollektoru buraxan zavod qurulmuşdu. Sonra mən də Bilgəhdə primitiv formada da olsa, günəş kolletorları hazırlamağa başladım. Günəş elmi istehsalat assosiasiyası yaratdım. Sonra Beynəlxalq Ekoenergetika Akademiyasını qurduq. Çoxlu qrantlar və tapşırıqlar aldım. Məsələn, Avropa İttifaqında bərpaolunan enerji və enerji effektivliyi üzrə qanunvericiliyi akademiyadakı həmkarlarım və xarici alimlərlə birlikdə mən işləmişəm. Fransadan, İngiltərədən, Almaniyadan, Danimarkadan, Avstriyadan alimlərimizi bu işə qoşduq və qanunvericilik bazasını işlədik. Ölkə başçısı da bu işə çox önəm verdi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin üstündə 300 ədəd günəş paneli qurmuşdum. Biz Avstriya, ABŞ və Fransa texnologiyaları ilə orada onu qurduq, idmançıların hamam otaqlarına isti suyun verilməsini onunla təmin etdik.
Biz SSRİ-dən ayrılandan sonra bərpaolunan enerji sahəsinə çox böyük axın oldu. İnsanlar bu sahə ilə məşğul olmağa başladı. Bir nəfər Almaniyadan 4 meqavat külək enerjisi işlədən 4 ədəd külək qurğusu gətirmişdi. Lakin bizdə bu sahədə qanun olmadığına görə, onu dövlətə sata bilmədi.
- Bu gün dünya ölkələri sürətlə bərpaolunan enerji mənbələrindən istifadəyə üz tutur.
- Bəli. Çünki başqa yol yoxdur. Dünyada yayılmış xəstəliklərin, problemlərin çoxu enerjiyə olan münasibətdəndir. 150 ildir dünyada müharibələr enerji üstündədir. Bütün iqtisadiyyatın onurğa sütunu enerjidir. Almaniyada çoxlu güclü külək parkları qurublar. İnkişaf etmiş ölkələr buna gedirlər. Pandemiyadan sonra Çinin üzərində hava təmizliyi əmələ gəldi, azon qatı qatılaşdı. Dünyada tullantı çoxalıb. Hara gedirsən polimer materiallar buraxırlar. Onun da əsası xlordur. Dünyada 18 milyard ton xlor istehsal olunur. Ozon qatını, atmosferi dağıdan, insana zərər verən xlordur. Bunu azaltmaq lazımdır. Dünyada tullantı problemdir. Yaponiyada şəhərin üstü ilə elektrik maşınları, tramvaylar işləyir. Dünyanın 31 % tullantısını ABŞ-dakı tullantılar təşkil edir. Tullantıların 16 %-dən çoxu isə Çində yaranır. Rusiyada atom elektrik stansiyaları dünyanı zəhərləyir. Atom elektrik stansiyaları ləğv etmək lazımdır.
- Nə üçün Azərbaycanda bu sahənin inkişafı Avropa ölkələri ilə müqayisədə ləngiyir?
- Bizdə sanki bu işə maneə olan insanlar var. Mən prezidentimizi də, dövlətimizi də sevirəm. Hörmətli dövlət başçımız bərpaolunan enerji sahəsində önəmli tapşırıqlar verir. Amma Energetika Nazirliyində demək olar ki, energetik yoxdur. Nazirliyin nəzdində yaradılan agentlik neçə il ərzində ortaya hansı işi qoya bildi? Onlar ancaq inkişafa mane olurlar. Az sayda işlər görüldü, onların da keyfiyyəti aşağı oldu. Bu sahədə normal səriştəsi olan insanlarla işləmək lazımdır. Cəmiyyətdə güclü kadr kütləsi formalaşdırmalıyıq. Bu sahədə kadr islahatı aparmasaq, xarici investorlar Azərbaycanda bu sahəyə pul yatırmayacaqlar.
- Dünya tərcübəsindən hansı formada istifadə etsək, Azərbaycanda bu sahəni genişləndirə bilərik?
- İnsanlarda bu sahə ilə məşğul olmağa stimul yaratmaq lazımdır. Dövlət vətəndaşa pul verə bilər ki, bərpaolunan enerji sahəsində öz işini qursun, sonra da işləri irəlilədikcə hissə-hissə həmin borcu dövlətə geri qaytarsın. Almaniyada kimsə bərpaolunan enerji istehsal edirsə, onun qoşulma xətlərinin xərcini dövlət öz üzərinə götürür. Bu enerjini alanı isə dövlət vergidən azad edir. Bizdə də bu kimi üsullarla insanlarda stimul yaratmaq lazımdır.
- Ölkədə bərpaolunan enerji mənbələrindən istifadə qurğularını və onların konstruksiyalarını satan şirkətlər fəaliyyət göstərir.
- Ən böyük bədbəxtlik ordadır ki, bu gün ABŞ-da 93 % faydalı iş əmsalı ilə bu konstruksiyaları satırlar. Bizdə satılanlarda isə faydalı iş əmsalı 17 %-dir. Belə olan halda isə həmin qurğuları baha qiymətə almaq heç kimə sərf etmir.
- İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” ilə bağlı beynəlxalq məsləhətçi ilə birlikdə konsepsiya hazırlanır. Bərpaolunan enerji mənbələrindən istifadə baxımından Qarabağın potensialını necə qiymətləndirirsiniz və bu potensialın istifadəsi üçün hansı təklifləriniz var?
- Bu sahədə Qarabağın potensialı çox böyükdür. Orada günəş, külək, biokütlə, bioqaz, kiçik çaylar kimi bütün imkanlar var. Bu barədə mənim elmi işlərim də var. Dövlətə rəsmi müraciətlər də etmişəm. Qarabağ üzrə təkliflər vermişəm. 6 il bundan öncə Qarabağın işğaldan azad edildikdən sonra davamlı inkişaf layihəsini mən işləyib dövlətə vermişəm. Mən aspirantlarımın və elmi işçilərimin köməyi ilə Qarabağda günəş enerjisindən istifadənin diaqramlarını qurub verdim. Ağdam, Şuşa, Laçın və Kəlbəcərdə günəşdən necə istifadə etmək, kiçik çaylardan necə istifadə edib su elektrik stansiyaları qurmaqla bağlı layihəm var.
Rəylər (0):