Günəş enerjisi üzrə hərrac çərçivəsində sahə səfəri və konfransın təşkili nəzərdə tutulur

image

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərrac qalibinin seçilməsi məqsədilə yaradılmış Hərrac Komissiyasının üçüncü iclası keçirilib.

Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) məlumat verilib.

Açılış nitqi ilə çıxış edən BOEMDA-nın direktoru Cavid Abdullayev ölkəmizdə keçirilən ilk bərpa olunan enerji hərracının prosesi barədə ümumi məlumat verib, həmçinin layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq cari ilin sentyabr ayında hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi) hərracda iştirak edəcək şirkətlərlə birgə sahə səfərinin və layihə ilə bağlı konfransın nəzərdə tutulduğunu bildirib.

Cavid Abdullayev konfransda layihə çərçivəsində müzakirələrin aparılması və hərrac komissiyasının üzvləri, o cümlədən məsləhətçi şirkətin nümayəndələri tərəfindən hərrac iştirakçılarını maraqlandıran sualların cavablandırılmasının planlaşdırıldığını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Hərrac Komissiyyanın sədri, BOEMDA-nın direktor müavini Kamran Hüseynov tərəfindən ölkəmizdə ilk dəfə keçirilən günəş enerjisi üzrə hərracla bağlı ötən iclasdan sonra görülmüş işlərə dair komissiya üzvlərinə ətraflı məlumat verilib. Belə ki, hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığını və 8 şirkətin ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyini bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. Çıxışı zamanı Komissiya sədri təkliflər sorğusu mərhələsi üzrə ötən dövr ərzində şirkətlər tərəfindən layihəyə dair müxtəlif daxil olmuş sorğuların məsləhətçi şirkətin iştirakı ilə cavablandırıldığını vurğulayıb.

Görüşdə həmçinin EBRD-nin və “Synergy” məsləhətçi şirkətin nümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Komissiya üzvləri tərəfindən layihə çərçivəsində qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *