Beynəlxalq Enerji Agentliyi (IEA) bərpa olunan enerji potensialının və enerji səmərəliliyinin artırılması üzrə qlobal öhdəliklər çərçivəsində Azərbaycan hökuməti ilə üç yeni təklif üzərində işləyir.
Renewables.az xəbər verir ki, bunu IEA-nın rəhbəri Fatih Birol “Beynəlxalq Enerji Agentliyi - COP29” adlı ikinci yüksək səviyyəli görüşdən sonra Londonda “Anadolu” agentliyinə müsahibəsində deyib.
O xatırladıb ki, ötənilki COP28 iqlim sammitində IEA tərəfindən təklif olunan qlobal bərpa olunan enerji potensialının üçqat artırılması və ikiqat enerji səmərəliliyi üzrə öhdəliklər yekun bəyannaməyə daxil edilib.
F.Birol əlavə edib ki, bu öhdəliklərin həyata keçirilməsi üçün maliyyələşdirmə kimi alətlər tələb olunur:
“Bu məqsədlə biz hazırda Azərbaycan hökuməti ilə qlobal öhdəliklər üzrə üç yeni təklif üzərində işləyirik. Bunlardan birincisi akkumulyatorlara (enerji saxlama sistemləri) aiddir. 2030-cu ilə kimi akkumulyator tutumunun nə qədər artacağını müəyyən etmək üzərində çalışırıq. İkincisi şəbəkələr, üçüncüsü isə bu regionda metan emissiyalarının azaldılması ilə bağlıdır. Biz Qazaxıstan, Türkmənistan və regionun digər ölkələrinə Azərbaycanın rəhbərliyi altında birləşdirəcək öhdəlik təklif edirik. Söyləyə bilərəm ki, biz COP29-dan əvvəl bu üç məsələyə diqqət yetirəcəyik”.
Danışıqların digər əsas mövzusunun “təmiz enerji”nin maliyyələşdirilməsi olduğunu deyən IEA-nın rəhbəri xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu sahəyə qoyulan investisiyaların 6 dəfə artmalı olduğunu vurğulayıb:
“Təmiz enerji”ni maliyyələşdirmək üçün təkcə inkişaf etməkdə olan ölkələrə ildə 2 trilyon ABŞ dolları məbləğində maliyyə vəsaiti lazımdır. Bu mənada biz maliyyələşdirmə modelini hazırlamaq və konkret çərçivə yaratmaq üçün birlikdə işləyirik”.
O xatırladıb ki, “Beynəlxalq Enerji Agentliyi - COP29” adlı ikinci yüksək səviyyəli görüşündə maliyyə sektoru, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və özəl sektorun maliyyə institutlarının nümayəndələri fəal iştirak ediblər.
Onun sözlərinə görə, COP29 üzrə növbəti iclas BMT Baş Assambleyası çərçivəsində baş tutacaq:
“O vaxta qədər biz konkret təkliflə çıxış etmək üçün çox çalışacağıq. Azərbaycan bizi strateji tərəfdaş hesab edir, biz çox sıx əməkdaşlıq edirik. Düşünürəm ki, COP29 tədbiri ilə iki mühüm nəticəyə nail olunacaq. Birincisi, iştirakçı ölkələr üç qlobal öhdəliklə razılaşacaq. İkincisi, yeni maliyyələşdirmə hədəfləri və onlara necə nail olmaq barədə razılıq əldə olunacaq”.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Rəylər (0):