Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci ilin ikinci rübündə dünyanın hər yerindən liderlərin iştirakı ilə enerji təhlükəsizliyinin gələcəyinə dair sammit keçirəcək.
Renewables.az bu barədə IEA-nın məlumatına istinadən xəbər verir.
“Sammit qlobal enerji sisteminin üzləşdiyi cari və gələcək riskləri qiymətləndirmək, onların aradan qaldırılması üçün prioritet həll və imkanları müəyyən etmək üçün Böyük Britaniya hökuməti tərəfindən Londonda təşkil olunacaq”, - məlumatda bildirilib.
Agentlik qeyd edir ki, sammitdə milli və beynəlxalq səviyyələrdə enerji təhlükəsizliyinə təsir edən geosiyasi, texnoloji və iqtisadi amillər araşdırılacaq.
Qeyd edilib ki, sammit qlobal qərarlar qəbul edən şəxslərə və əsas oyunçulara qlobal enerji təhlükəsizliyini yenidən müəyyən edən tendensiyaları nəzərdən keçirmək imkanı verəcək. Bu tendensiyalara enerjiyə tələb, təchizat və ticarətdə dəyişikliklər; təmiz və səmərəli enerji qərarlarının qəbulu; təmiz enerji texnologiyaları üçün lazım olan mineral və metalların mövcudluğu və s. daxildir.
"Qlobal enerji böhranı dünya ölkələri üçün enerji təhlükəsizliyinin əhəmiyyəti və onun iqtisadiyyatımıza təsirləri haqqında xatırlatma oldu. Yaxınlaşan təhlükələr fonunda enerji təhlükəsizliyinin xarakteri dəyişdikcə, IEA qlobal iqlim öhdəliklərinə riayət etməklə yanaşı, əlçatan qiymətlərlə enerjiyə fasiləsiz çıxışı təmin etmək üçün əlindən gələni etməyə davam edəcək”, - IEA-nın icraçı direktoru Fatih Birol bildirib.
Rəylər (0):