İlham Əliyev “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri ilə tanış olub

image

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış olub.

Renewables.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR sərgidə geniş təmsil olunur. Dünyada tanınmış və regionun ən böyük neft şirkətlərindən olan SOCAR-ın əsas missiyası Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini və neft-qaz, neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqlarını təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir. Şirkət, həmçinin Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını və işlənməsini, neftin, qazın və qaz kondensatının hasilatını, emalını və nəqlini, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışını, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatını həyata keçirir.

Prezident İlham Əliyev “BP-Azərbaycan”ın stendinə baxdı. BP şirkəti dünyanın ən tanınmış enerji təchizatçılarından biridir. Mühüm enerji mənbələrinin təhlükəsiz işlənilməsi və hasilatı ilə məşğul olan BP insanlara enerji təminatı istiqamətində müxtəlif həllər təklif edir. 2020-ci ilin fevral ayında BP öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan etdi, insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək planları olduğunu bildirdi. BP şirkəti Azərbaycanda 31 ildən çoxdur ki, fəaliyyət göstərir və beş böyük enerji layihəsinin operatorluğunu təhlükəsiz və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub və on minlərlə iş yeri yaratmaqla və genişmiqyaslı sosial sərmayə fəaliyyətləri həyata keçirməklə yerli icmalara müsbət təsir göstərib.

Dövlətimizin başçısı “TotalEnergies”in stendi ilə də tanış oldu. “TotalEnergies” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir, “Abşeron” qaz-kondensat yatağında 35 faiz və BTC boru kəmərində 5 faiz paya sahibdir. “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci fazasının hasilatına 2023-cü il iyul ayının əvvəlində başlanılıb. Gündəlik hasilat gücü 4 milyon kubmetr qaz və 12 min barel kondensat həcmindədir. Qaz Azərbaycanın daxili bazarında satılır.

Çin Xalq Respublikasının “Jınko Solar” şirkəti də sərgidə təmsil olunur. Şirkətin stendi ilə tanışlıq zamanı bildirildi ki, “Jinko Solar Co., Ltd” günəş texnologiyası sahəsində dünyada məşhurdur. Şirkət günəş enerjisi panellərinin hərtərəfli tədqiqi, inkişafı və istehsalı üzrə ixtisaslaşıb və təmiz enerji sahəsində hərtərəfli həllər təqdim edir. “Jinko Solar” məhsullarını dünyanın 190-dan çox ölkəsinə ixrac edir. Beş ildir ki, şirkət modul tədarükü sahəsində dünya liderliyini qoruyur.

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının “Schlumberger” (SLB) şirkətinin stendi ilə tanış oldu. Bildirildi ki, SLB enerji sahəsində texnologiya şirkətidir. SLB qlobal enerji sənayesinin məhsuldarlığını, davamlılığını təmin etmək üçün qabaqcıl rəqəmsal həllər, innovativ texnologiyalar tətbiq edir və şirkətdə 160-dan çox millətin nümayəndəsi çalışır. Şirkət 120-dən çox ölkədə iş təcrübəsi ilə ümumi mənafe və yeni texnologiya yaratmaq üçün əməkdaşlıq edir.

İtaliyanın “Tenaris” şirkəti isə qlobal enerji sənayesi və bir sıra digər sənaye tətbiqləri üçün boruların və əlaqəli xidmətlərin aparıcı istehsalçısıdır. Şirkət 16 ölkədə polad məhsullarının istehsalı ilə məşğuldur.

“Uzbekneftegaz" ASC-nin stendi ilə tanışlıq zamanı bildirildi ki, müəssisə neft və qazın hasilatı, saxlanması, emalı və satışı ilə məşğuldur və Özbəkistanın ən böyük dövlət şirkətidir. ASC təbii qaz hasilatına görə dünyada 11-ci yerdədir. Neft və qaz sənayesinin fəaliyyəti geoloji kəşfiyyat, neft və qaz yataqlarının işlənilməsi, qazma, hasilat, karbohidrogenlərin emalı, neft məhsulları, neft və qaz, kimya avadanlıqlarının istehsalına qədər bütün neft və qaz əməliyyatları zəncirini əhatə edir və istehlakçıları neft məhsulları ilə təmin edir.

Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkəti sabahın təmiz enerji sistemlərinə sərmayə qoyarkən, bu günün enerjisini daha təmiz etmək üçün transformativ addımlar atan mütərəqqi beynəlxalq enerji şirkətidir. Tam inteqrasiya olunmuş müəssisələrdən ibarət ADNOC şəbəkəsi enerji dəyər zəncirində fəaliyyət göstərir və daim dəyişən enerji bazarının tələblərini məsuliyyətlə qarşılamağa kömək edir.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin stendi ilə tanışlıq zamanı bildirildi ki, “Masdar” ölkənin təmiz enerji çempionu və qlobal davamlılıq problemlərini həll etmək üçün bərpaolunan enerji və yaşıl hidrogen texnologiyalarının inkişafını və tətbiqini genişləndirərək dünyada öz sahəsinin ən böyük şirkətlərindən biridir. 2006-cı ildə yaradılan “Masdar” bu gün 40-dan çox ölkədə fəaliyyət göstərir və onlara təmiz enerji məqsədlərinə nail olmaqda və davamlı inkişaf etməkdə kömək edir. Şirkət Azərbaycanda ümumi gücü 10 qiqavatadək olan bərpaolunan enerji mənbələri layihələri üzrə müqavilələr imzalayıb. Hazırda gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyasının inşası layihəsini icra edir. “Masdar” ən azı 100 qiqavatlıq bərpaolunan enerji portfelini hədəfləyir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin stendi ilə tanış oldu. Məlumat verildi ki, “ACWA Power” 13 ölkədə istismarda, tikintidə və ya təkmil inkişafda olan 82 aktivə sahib enerji istehsalı və duzsuzlaşdırılma üzrə su stansiyalarının tərtibatçısı, investoru və operatorudur. “ACWA Power”də 4000-dən çox işçi çalışır. “ACWA Power”in portfeli 55,1 qiqavat enerji istehsalı və gündə 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal gücünə malikdir. Şirkət bu il fevralın 29-da Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsi olan 240 MVt-lıq Xızı-Abşeron Külək Elektrik Layihəsi üzrə saziş imzalayıb. Şirkət bu il mayın 3-də 200 MVt Batareya Enerji Saxlama Sazişi də imzalayıb. Bu, Cənubi Qafqaz regionunda ilk Batareya Enerji Saxlama layihəsidir. Həmçinin “ACWA Power” SOCAR ilə 2024-cü ilin aprelində yaşıl gübrələrlə bağlı əməkdaşlıq sazişi imzalayıb.

Rusiya Federasiyasının “Tatneft” şirkəti neft və qaz hasilatı, neft emalı, neft-kimya, şin biznesi, yanacaqdoldurma məntəqələri şəbəkəsi, kompozit klaster, elektrik enerjisi sənayesi, neft və neft üçün avadanlıqların hazırlanması və istehsalı sahələrində dinamik inkişaf edən qabaqcıl şirkətlərdən biridir. Şirkət qaz sənayesi və xidmət strukturları bloku üzrə ixtisaslaşıb.

Sərgidə Qazaxıstan Respublikası tərəfdən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu stendi də qurulub. Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu qədim “İpək yolu” dövründə olduğu kimi, indi öz fəaliyyətinə başlayan yeni “İpək yolu” üzərində bu gün bir sıra ölkələrin və şirkətlərin maraqlarını təmsil edən birləşdirici təşkilatdır. Baş ofisi Qazaxıstanda yerləşən assosiasiyanın üzvləri arasında Azərbaycanın Dəmir Yollarını, Xəzər Dəniz Gəmiçiliyini, Bakı Ticarət Limanını qeyd etmək olar.

Builki sərgidə Almaniya Milli Pavilyonla iştirak edir. Pavilyonda alman şirkətləri ilə əlaqələr yaratmaq, peşəkar vasitəçi xidmətləri almaq mümkündür. Həmçinin mühüm biznes məkanı kimi Almaniya barədə kompleks məlumatlar əldə etmək olar.

“Türkiyə Petrolları A.O.” (TPAO) 70 illik təcrübə ilə öz biznes fəaliyyətini – kəşfiyyat və hasilatı genişləndirməkdədir. Milli neft şirkəti olaraq TPAO-nun əsas məqsədi “Enerjidə müstəqil Türkiyə” ideyasına töhfə verməkdir. Bu məqsədə çatmaq üçün TPAO bir sıra ölkələrdə, o cümlədən Azərbaycan, Şimali Kipr, İraq, Əfqanıstan və Rusiyada fəaliyyət göstərir. TPAO 1994-cü ildən Azərbaycanda investordur və “Şahdəniz” (19 faiz), CQBK (19 faiz) “Azəri-Çıraq-Günəşli” (5,73 faiz), BTC (6,53 faiz) layihələrində iştirak payına malikdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *