İnvestisiyanın səmərəliliyi baxımından bərpaolunan enerjinin qiyməti getdikcə azalır

image

Qlobal pandemiyanın təsirinə və COVID-19 virusunun yayılmasının səbəb olduğu fasilələrə baxmayaraq, 2020-ci ildə günəş və külək enerjisi xərclərinin azalması tendensiyası davam etmişdir.

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar zamanı təqdimatla çıxışında bildirib.

Bildirilib ki, 2020-ci ildə, qurudakı külək enerjisi üzrə yeni quraşdırılmış əlavə güclərdən alınan elektrik enerjisinin qiyməti (LCOE) 2019-cu illə müqayisədə 13 faiz azalmışdır. Eyni dövrdə konsentrat günəş enerjisi (CSP) üzrə LCOE 16 faiz, dəniz küləyi üzrə isə 9 faiz azalıb.

Son on illərdə texnologiyaların, iri həcmli dünya iqtisadiyyatının, rəqabətqabiliyyətli təchizat zəncirlərinin inkişafı və təcrübələrin təkmilləşdirilməsi bərpaolunan enerji istehsalı xərclərini sürətlə azaltmışdır. Sənaye miqyaslı günəş PV-dən elektrik enerjisi qiyməti 2010-2020-ci illər arasında 85 faiz azalıb. İnvestisiyanın səmərəliliyi baxımından bərpaolunan enerjinin qiyməti getdikcə azalır.

“Əgər 2010-cu ildə 1 milyon ABŞ dollarına 210 kVt gücündə günəş elektrik stansiyası inşa etmək olurdusa, bu gün artıq 1 MVt-dan çox, təxminən 5 dəfə artıq gücdə inşa etmək mümkündür. Eyniylə, həmin məbləğə 500 kVt gücündə külək elektrik stansiyasının inşa edilirdisə, indi 710-720 kVt gücündə inşa etmək mümkündür”, - deyə direktor bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *