Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq yaxşı səviyyədədir.
Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində IRENA-nın Baş direktoru Françesko La Kamera deyib.
“Hökumət və Energetika Nazirliyi ilə əməkdaşlıq yaxşı səviyyədədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı əməkdaşlıq planlarımız da var. Azərbaycan hökuməti COP28-də əldə edilmiş irəliləyişin monitorinqinə dair hesabatlarımıza töhfə verəcək və həmmüəllifi olacaq. Azərbaycan həmçinin bizimlə birgə Mərkəzi Asiya Təşəbbüsünə başlamağa hazırdır ki, bu təşəbbüs çərçivəsində Bakı bu qrup ölkələrə "yaşıl enerji" sisteminin yaradılması yolunda rəhbərlik edəcək ki, bu da qarşılıqlı əlaqənin inkişafına kömək edəcək. Bu, IRENA ilə birgə təşəbbüs olacaq. Daha sonra bu layihədə iştirak edəcək tərəfdaşlar qoşulacaq”, - o bildirib.
Bakı Enerji Həftəsinə gələn Baş direktor Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında ümumi gücü 1 QVt olan bərpa olunan enerji mənbələri sahəsində sazişin imzalanmasını müsbət qiymətləndirərək, bu hadisəni xüsusi adlandırıb: “Həmin gün Bakı Enerji Həftəsinin iştirakçıları üçün xüsusi idi. Azərbaycan Prezidenti İlham Əliyevin bu stansiyaların təməlqoyma mərasimində çıxışı da mənim çox xoşuma gəldi. O, 30 il əvvəl imzalanmış və Azərbaycandan neft və qazın dünya bazarına çıxışını təmin edən sazişə toxunub. Daha sonra o vurğulayıb ki, ölkə təmiz enerjidən istifadəyə daha çox diqqət yetirir ki, bu da onun qalıq yanacaqlardan asılı olmayan bir enerji sisteminə keçidlə bağlı öhdəliyini və sadiqliyini əhəmiyyətli dərəcədə gücləndirir”.
Baş direktor, bu il Bakıda ikinci dəfə olduğunu vurğulayıb: “Ümumilikdə mən Bakıda üç dəfə olmuşam, ikisi bu il baş tutub. Səfərlər zamanı ortaq məxrəcə gəlmək üçün energetika naziri, COP29-un sədri və bütün maraqlı tərəflərlə görüşlər keçirilib”.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsi hökumətləri və özəl şirkətlərini birləşdirən təcrübə mübadiləsi və əməkdaşlıq üçün əla formatdır: “Bu, səmimi dialoq aparmaq, bir-birindən öyrənmək və həmçinin ətrafınızda baş verənlərdən xəbərdar olmaq üçün ən yaxşı vasitədir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti uğur qazanmaq üçün yaxşı formul yaradıb. Qeyd etmək lazımdır ki, tədbirin özünün təşkili çox yüksək səviyyədədir”.
La Kamera həmçinin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində xalis sıfır emissiyaya nail olmağın vacibliyini vurğulayıb: "IRENA çox açıq şəkildə bildirdi ki, biz əsasən infrastrukturla bağlı mövcud maneələri aradan qaldırmağa çalışaraq enerji keçidini sürətləndirməliyik. Bizə bir-biri ilə əlaqəli, inteqrasiya olunmuş, çevik, balanslaşdırılmış şəbəkələr lazımdır. Həm də bərpa olunan enerjiyə yönəldilməli olan bir bazara ehtiyacımız var. Bundan əlavə, hökumətlərin, eləcə də işçi qüvvəsinin, peşəkarların və bu sahədə çalışan hər kəsin institusional potensialı gücləndirilməlidir. İnsanlar “yaşıl keçid” üçün lazım olan yeni peşələrə uyğunlaşmalıdırlar”.
Baş direktor COP29-un keçirilməsi məsələsinə də toxunub. O xatırladıb ki, hazırda (3-13 iyun) Bonn İqlim Konfransı keçirilir: “Bu müddət ərzində biz COP29 yolundakı irəliləyiş haqqında daha çox məlumat əldə edə bilərik. Ümumiyyətlə, COP29 maliyyə məqsədlərinə xüsusi diqqət yetirməklə stimullaşdırıcı olacaq. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti tədbirə hazırlaşmaq üçün səmərəli işləyir və biz konfransın iki həftəsinin yekunları üzrə əhəmiyyətli nəticələr gözləyə bilərik”.
Rəylər (0):