İsrail şirkətləri "yaşıl enerji" layihələrində iştirakda maraqlıdır

image

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib.

“Berpaolunanenerji.az”ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Bildirilib ki, “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün müvafiq addımlar atılır. İqtisadiyyat naziri İsrail şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, iqtisadi potensialından yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

İşgüzar Dəyirmi Masada Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-İsrail əlaqələrinin uğurlu inkişafını, keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib, qlobal çağırışlara uyğun yeni əməkdaşlıq istiqamətləri, o cümlədən “Yaşıl enerji” layihələrində birgə iştirak barədə fikirlərini bölüşüb.

Görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıq, bərpaolunan enerji, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin layihələrdə iştirakda marağı ifadə olunub.

İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın müxtəlif sahələrdə, o cümlədən bərpaolunan enerji sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *