“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə 31 may-3 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumu keçiriləcək.
“Renewables.az”a bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.
Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin başlıca çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən forum isə konfransın missiyasını daha geniş spektrdə davam etdirəcək. Forumun gündəliyinə “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji̇ böhranı dövründə qaz təchi̇zatının rolu” və s. kimi mövzular müzakirə olunacaq.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirakçılar siyahısında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyədən olan şirkətlər yer tutur.
Tədbirlərin sponsorları ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, TotalEnergies, Turkish Petroleum, Uniper şirkətləridir. Baku Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək.
Qeyd edək ki, "Renewables.az" Bakı Enerji Forumuna internet dəstəyi göstərir.
Rəylər (0):