"Masdar" Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikəcək

image

“Masdar” şirkəti Azərbaycanda 2025-ci ilədək 1 qiqavat gücündə günəş, 2026-cı ilədək quruda 1 qiqavat gücə malik külək, 2033-cü ilədək dənizdə 2 qiqavat gücə malik külək enerjisi və yaşıl hidrogen layihəsini reallaşdırmağı, habelə 2037-ci ilədək dənizdə günəş enerjisi, külək və dəniz küləyindən istifadənin daha da genişləndirilməsini planlaşdırır.

"Renewables.az" xəbər verir ki, bunu "Masdar Azərbaycan Enerji" MMC-nin ölkə meneceri Murad Sadıxov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.

Şirkətin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Elektrik Stansiyası layihəsinin gələn ilin əvvəlində yekunlaşacağını bildirən M.Sadıxov layihəni bu ilin sonuna qədər başa çatdırmaq istədiklərini deyib. 

"Azərbaycan BƏƏ üçün əsas strateji yerlərdən biridir. Biz burdakı layihələrdə iştirak etməkdən və Azərbaycanın "yaşıl" gündəliyinin tərkib hissəsi olmaqdan çox məmnunuq. Bunun müxtəlif səbəbləri var. Bura dənizdə və quruda bərpa olunan enerji potensialının böyük olması və digər səbəblər aiddir.

Bizim "yaşıl enerji" ilə bağlı gündəliyimiz var. Bu gündəlikdəki məsələlər və bizim hədəflərimiz Azərbaycanın strateji xətti ilə üst-üstə düşür. Bu məsələlər əsasən neft-qaz sektorunun dekarbonizasiyası, mövcud infrastrukturun yaxşılaşdırılması və neft-qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, yüksək karbon tullantılarının azaldılması, yerli şirkətlər üçün yeni iş yerlərinin açılması, yeni təchizat zəncirinin təşkili və "yaşıl enerji"nin inkişafına töhfə verməklə bağlıdır".

M. Sadıxov qeyd edib ki, "Masdar" olaraq Azərbaycan hökuməti və maraqlı tərəflərlə birlikdə istəyirik ki, Azərbaycanda ilkin investisiya təşəbbüslərini yerinə yetirək və gələcəyə doğru addımlayaq: "Biz SOCAR-la əməkdaşlıq memorandumu imzalamışıq və əməkdaşlığımız davam edir. Eyni zamanda Cənub Qaz Dəhlizi bizim üçün strateji məsələlərdən biridir. Biz yerli təchizat zəncirinin dəyərləndirilməsi barədə tədqiqatlar aparırıq və yerli şirkətlərin də potensialını aşkar edirik ki, onlar da bərpa olunan enerjidən istifadəyə təkan versinlər".


Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *