"Masdar" Özbəkistanda 500 MVt gücündə külək elektrik stansiyası inşa edəcək

image

Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji şirkəti "Masdar" Özbəkistanın Nəvai vilayətinin Zərəfşan şəhərində 500 MVt gücündə külək elektrik stansiyası inşa edəcək.

"Berpaolunanenerji.az" şirkətin rəsmi saytında dərc olunan məlumata istinadən xəbər verir ki, artıq maliyyələşmə prosesi başa çatıb.

"Zərəfşan" Külək Elektrik Stansiyası Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilib. Stansiyaya 600 milyon dollar məbləğində sərmayə qoyulacaq.

2024-cü ilin sonunda istismara veriləcək Mərkəzi Asiyanın ən böyük külək elektrik stansiyası 500 min evi elektrik enerjisi ilə təmin edəcək və bu zaman ildə 1,1 milyon ton karbon qazı emissiyasının qarşısı alınacaq.

Qeyd edək ki, külək elektrik stansiyasının inşası ilə bağlı 2020-ci ilin iyun ayında şirkət Özbəkistan Respublikası ilə müqavilələr imzalanıb. Layihənin birinci mərhələsi 500 MVt, ikinci mərhələsi isə 1,000 MVt gücündə olacaq.

Özbəkistan 2026-cı ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü 25 %-ə çatdırmağı planlaşdırır.

Maraq üçün bildirək ki, bundan əvvəl "Masdar" Özbəkistanda 100 MVt gücündə "Nur Nəvai" Günəş Elektrik Stansiyasını inşa edib və stansiya artıq işə salınıb. Bundan əlavə hökumət ilə 890 MVt gücündə günəş enerjisi layihələri ilə bağlı müqavilələr imzalanıb.

"Masdar" dünyada bərpa olunan enerji mənbələri sahəsində ən sürətlə inkişaf edən şirkətlərdən biridir və 2030-cu ilə qədər layihələrin ümumi gücünü 50 QVt-a çatdırmağı planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *