Martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə anlaşma memorandumları imzalanıb.
Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.
Nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar.
Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir.
Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.
Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitənin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.
Rəylər (0):