"Masdar" Qırğızıstanın bərpa olunan enerjinin inkişafı imkanlarını araşdıracaq.
"Berpaolunanenerji.az" "Masdar"ın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə şirkət ölkənin Energetika Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb.
Memorandum paytaxt Bişkekdə, Qırğız Respublikasının energetika naziri Doskul Bekmurzayev və "Masdar"ın Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və İnvestisiya rəhbəri Abdulla Zayed arasında imzalanıb.
Memorandum çərçivəsində "Masdar" bir sıra bərpa olunan enerji layihələrinin, o cümlədən günəş fotovoltaik (PV), üzən günəş PV və 1 qeqavat potensial gücü olan hidroenergetika layihələrinin inkişafı və investisiyalarını araşdıracaq.
Qeyd edək ki, Qırğızıstan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 44 faiz azaltmağı və 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir.
Ölkə artıq elektrik enerjisinin təxminən 90 faizini təmiz enerji mənbələrindən istehsal etsə də, bu, demək olar ki, köhnəlmiş su elektrik stansiyalarının hesabınadır.
Rəylər (0):