"Masdar" şirkəti dələduzluq hallarına qarşı xəbərdarlıq edib - RƏSMİ BƏYANAT

image

“Abu Dhabi Future Energy Company” PJSC – Masdar (“Masdar”) Azərbaycanda təsis edilmiş törəmə şirkətləri (Masdar Azerbaijan MMC və Masdar Azerbaijan Energy MMC) ilə birgə bəyan edir ki, onlarda olan məlumatlara görə ayrı-ayrı şəxs və ya təşkilatlar sosial media platformalarından istifadə edərək Azərbaycan ictimaiyyət nümayəndələrini Masdar şirkəti ilə əlaqəsi olduğunu iddia edən şirkətlərə sərmayə qoymağa təşviq edir. Xüsusilə, Masdar şirkətinə verilən məlumatda insanların “Masdar Energy” adlı şirkətə sərmayə qoymağa təşviq olunduğu və vəsaitlərini günəş və külək enerjisi istehsalı layihələrinə yatırılacağı  ilə bağlı vədlər verildiyi bildirilir. Masdar, bu və bu kimi sosial media platformalarında təbliğ olunan “investisiya imkanları”nın əslində vəsaitin yalnız investorlardan gəldiyi “piramida” sxemi olduğunu anlayır.

"Renewables.az"a "Masdar" şirkətindən verilən məlumata görə, aşağıda göstərilən məlumat ictimaiyyət nümayəndələrini Masdar-ı təmsil etmək və ya onun adından məhsul və ya xidmətlər təklif etmək iddiasında olan qurum və ya şəxslərin dələduzluq əməllərindən qorumaq məqsədi daşıyır.  

Masdar bərpa olunan enerji istehsalı üzrə aparıcı şirkətdir və tam olaraq üç səhmdara məxsusdur: Əbu Dabi Milli Enerji Şirkəti (TAQA), Mubadala İnvestisiya Şirkəti (Mubadala) və Əbu Dabi Milli Neft Şirkəti (ADNOC). Masdar fiziki şəxslərə və ya şirkətlərə heç bir bank və ya investisiya xidmətləri göstərmir və ya heç bir maliyyə institutunun nümayəndəsi kimi çıxış etmir.

Heç bir halda Masdar şirkəti və ya onun hər hansı əməkdaşı Telegram və ya YouTube kimi sosial media platforması vasitəsilə hər hansı investisiya imkanları təklif etmir. Masdar şirkətindən olduqlarını iddia edən şəxs və ya qurumlar sosial media və ya digər kanallar vasitəsilə sizə investisiya xidmətləri təklif edərsə, pul depozitləri istəyərsə və ya  şəxsi məlumatlarınızı əldə etməyə cəhd edərsə,  həmin şəxs və ya qurumlar dələduzluq və ya şəxsi məlumatların ələ keçirilməsi əməlləri ilə məşğuldur və onlar barəsində yerli polis orqanına məlumat verilməlidir.

Masdar şirkətinin rəsmi veb-saytı yalnız https://www.masdar.ae domen adı altında fəaliyyət göstərir və bu rəsmi veb-sayta bənzəyən hər hansı digər veb-saytların hostları ilə əlaqəsi yoxdur. Siz yuxarıdakı domen adını brauzerinizin ünvan sətrinə yazmaqla və ya orijinal vebsaytı işarələməklə  Masdar veb-saytına daxil ola bilərsiniz. Tövsiyə edirik ki, Masdar veb-saytına mənşəyi məlum olmayan e-məktublarda və ya veb-saytlarda təqdim olunan hiperlinklər, internet axtarış sistemləri və ya işçi pəncərələr vasitəsilə daxil olmayasınız.

Qeyd edək ki, "Abu Dhabi Future Energy Company" (Masdar) BƏƏ-də ekoloji təmiz enerji üzrə liderdir və qlobal davamlılıq məsələlərinin həlli üçün bərpa olunan enerji və yaşıl hidrogen texnologiyalarının işlənib hazırlanmasını və tətbiqini inkişaf etdirərək dünyada bu sahədə ən böyük şirkətlərdən birinə çevrilmişdir. 2006-cı ildə yaradılmış Masdar şirkəti bu gün 40-dan çox ölkədə fəaliyyət göstərir və onlara təmiz enerji məqsədlərinə nail olmaqda və davamlı inkişafı təmin etməkdə yardım edir. Masdar şirkəti Əbu Dabi Milli Neft Şirkətinin (ADNOC), Mubadala İnvestisiya Şirkətinin (Mubadala) və Əbu Dabi Milli Enerji Şirkətinin (TAQA) birgə mülkiyyətindədir və şirkət 2030-cu ilə qədər ən azı 100 giqavatlıq bərpa olunan enerji portfelini və illik 1 milyon tona qədər yaşıl hidrogen istehsalı gücünü hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *