Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək.
Renewables.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu forum və beynəlxalq konfrans yeni layihələrin reallaşdırılmasına zəmin hazırlayaraq iki ölkə arasında strateji enerji əməkdaşlığını daha da möhkəmləndirəcək:
"Nəticədə Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək. Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyada dövlətlərin iqtisadi və siyasi gücü bir çox cəhətdən enerji təhlükəsizliyi məsələləri ilə ölçülür. Daha doğrusu, enerji təhlükəsizliyi sabitliyin və təhlükəsizliyin qarantı hesab edilir. Məhz bu baxımdan Ümummilli Liderimiz Heydər Əliyevin enerji strategiyası ölkəmizə yalnız iqtisadi deyil, həm də siyasi dividendlər qazandırır", - deyə F.Nəcəfli əlavə edib.
Prezidentin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri regionda yeni reallıqlar yaradır ki, bunun da ən mühüm cəhətlərindən biri enerji sahəsindəki uğurlu tərəfdaşlıqdır.
O vurğulayıb ki, ölkədə və regionda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması dövlət başçısının həyata keçirdiyi enerji siyasətinin səmərəli nəticələridir.
“Enerji siyasətindən danışırıqsa, Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi qeyd olunmalıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialında səmərəli istifadə və muxtar respublikanın "yaşıl enerji" zonasına çevrilməsi sahəsindən nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisini Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir”, - F. Nəcəfli deyib.
O qeyd edib ki, Naxçıvanda "yaşıl enerji" konsepsiyasının həyata keçirilməsi və enerji potensialından səmərəli istifadə Prezident İlham Əliyevin diqqət mərkəzindədir və bu məqsədlə sistemli işlər aparılır:
“Belə ki, “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun “Naxçıvan və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı” mövzusunda xüsusi sessiyasının bu il iyunun 3-də Naxçıvan şəhərində keçirilməsi, bu zaman Energetika Nazirliyi və Fransanın “TotalEnergies” şirkəti arasında Anlaşma Memorandumunun, Energetika Nazirliyi və “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması, həmçinin muxtar respublikada günəş elektrik stansiyalarının tikilməsi üçün müvafiq ərazilərin müəyyənləşdirilməsi bu sahədə atılan mühüm addımlardır”.
Rəylər (0):