Nazir: "Bərpa olunan enerji üzrə əməkdaşlığımız enerji keçidi prosesinə öz töhfəsini verəcəkdir.”

image

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov mayın 20-də Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında qeyd edib.

Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpa olunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərarı və irəli sürdüyü vəzifələrin həlli ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpa olunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcəkdir.”

Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart isə Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafına ölkəsinin dəstəyini ifadə edib: “Böyük Britaniya dənizdə külək enerjisi, intellektual enerji sistemləri, dayanıqlı tikinti, kənd təsərrüfatından yaşıl maliyyəyə və elektromobillərin istehsalına qədər ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi ilə bağlı qlobal prosesi təşviq edəcək maksimum imkanlara və təcrübəyə malikdir. Ümid edirəm ki, hökumətin enerji bazarının liberallaşdırılması və islahatlarla bağlı səyləri Azərbaycanı investorlar üçün daha da cəlbedici ölkəyə çevirəcək. Gələcəkdə Britaniyanın daha çox şirkəti infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrə dəstək verə və Azərbaycanın böyük iqtisadi potensialının üzə çıxarılmasında mühüm tərəfdaş ola bilər.”


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *