Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində layihələr üzrə ilk hərracını keçirməyə hazırlaşır.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
Nazir müavininin sözlərinə görə, bu proses tezliklə tamamlanacaq və ilk hərracın artıq 2023-cü ilin birinci yarısında keçirilməsi planlaşdırılır.
"Problem ondadır ki, Azərbaycanda enerji daşıyıcılarının qiyməti nisbətən aşağıdır və müvafiq olaraq obyektlər kiçik olanda investorlar miqyasın təsiri ilə qazanc əldə edə bilmirlər və ölkəmizdə tarif qiymətlərinin müqayisəsi onlar üçün problem təşkil edir. İndiyədək "Masdar" və "ACWA Power" şirkətləri ilə razılaşmalarımızda ölkədə mövcud olan tariflər çərçivəsində (təqribən 3 sent) qalmağa nail olmuşuq. Və bu, həqiqətən də yaxşı qiymətdir, lakin layihə kiçik olarsa, qiymətlər qalxır. Ona görə də burada düzgün tarazlığı tapmalıyıq", - deyə E.Soltanov bildirib.
O qeyd edib ki, indiyədək Azərbaycan bir qədər fərqli yol ilə gedib. Çox hərtərəfli və şəffaf seçim prosesi aparıldı və nəticədə "Masdar" ilə 230 MVt günəş enerjisi layihəsi və "ACWA Power" ilə 240 MVt külək stansiya layihəsinin həyata keçirilməsinə başlanılıb:
"Biz bütün rəqabət aparan enerji korporasiyalarına başa salmışıq ki, əsas seçim meyarı onların təqdim etməli olduqları tarif təklifidir ki, onu digər bərabər şərətlər əsasında etməlidirlər. Məhz bu meyar əsasında biz son nəticədə "Masdar", "ACWA Power" və bp-ni seçdik. Beləliklə, müxtəlif qanuni seçim prosesləri var. Hərraclar həmişə planın bir hissəsi olub və biz də bu imkanı həyata keçirməyə yaxınlaşdığımız üçün çox şadıq".
Rəylər (0):