Nazir müavini: "Naxçıvana səfərimizin məqsədi məsləhətçi şirkətin cəlbi üçün texniki tapşırığın hazırlanmasına başlamaqdır"

image

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi işçi qrupu Naxçıvan Muxtar Respublikasına gedib.

Renewables.az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında işçi qrupunun fəaliyyəti, muxtar respublikanın enerji potensialı barədə fikirlərini bölüşüb:

“Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdən sonra cənab Prezidentin tapşırığı ilə Naxçıvanda yaşıl enerji zonasının tələblərinə uyğun olaraq energetika sisteminin yenidən qurulması gündəmdədir. Bu tapşırığa uyğun olaraq fəaliyyətə başlanılıb. Fəaliyyətin konkret bir nəticəsi olaraq Energetika Nazirliyi tərəfindən işçi qrupu yaradılıb. Bu işçi qrupunda energetika sistemində mövcud olan “Socar”, “Azərenerji”, “Azərişıq” daxil olmaqla bütün şirkətlər, qurumlar, İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak edir. Bilirsiz ki, işğaldan azad olunmuş ərazilər üzrə Dövlət Proqramı mövcuddur. Naxçıvan üçün də bu şəkildə bir proqram nəzərdə tutulur. Energetika sistemində aparılacaq layihələr də bu ümumi proqramın tərkib hissəsi olacaq. Bu mənada işğaldan azad olunmuş ərazilərdəki təcrübəmiz bizə kömək edəcək. Bilirsiz ki, biz orada bir xarici məsləhətçi şirkətin dəstəyi ilə yaşıl enerji zonası tədbirlər planı hazırlandı və artıq tətbiqinə başlanılıb. Bir fikir mövcud oldu ki, bəlkə işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan yaşıl enerji zonası tədbirlər planını məhz Naxçıvana da tətbiq edək. Amma Naxçıvanın çox özünəməxsus xüsusiyyətləri vardır. Bunun birincisi, çox xoşagələn aspekt ondan ibarətdir ki, Naxçıvanın birbaşa Türkiyə bazarına çıxışı var. Çünki Azərbaycanın digər rayonlarından çıxış Gürcüstan üzərində reallaşır. Türkiyə çox böyük və dünya bazarında tərəqqi etmiş bir bazardır. Eyni zamanda, Avropa sisteminə bağlı olan bir bazardır. Bu imkan verir ki, Naxçəıvanda istehsal olunacaq elektrik enerjisi eyni zamanda bazarlara yönləndirilə bilsin. Bu, həm də Azərbaycan və Naxçıvanın Muxtar Respublikasının əlavə gəlirlər əldə etməsinə imkan yaradır”.

Elnur Soltanov vurğulayıb ki, Naxçıvanın su resursları və günəş radiasiyası nöqtəyi nəzərdən özünəməxsus yerə sahibdir: “Biz demək olar ki, bütün konfranslarda Azərbaycan haqqında danışanda Naxçıvanı xüsusi olaraq vurğulayırıq ki, burada bəzi illərdə bərpa olunan yerlərdən əldə edilən elektrik enerjisi ənənəvi mənbələrdən əldə edilən elektrik enerjisini keçib. Dünya üzrə baxsaq, bu inanılmaz dərəcədə gözəl göstəricidir. Almaniya kimi ölkədə bu 40 faizdir, amma Naxçıvanda bunun 60 faizə çatdığı illər olub. Düzdür, indiki quraqlıq bu rəqəmi dəyişdirir, amma Naxçıvandakı günəş radiasiyası dünyada mövcud olan ən yaxşı radiasiyalarla müqayisə oluna bilər”.

Nazir müavini işçi qrupunun işini iki istiqamətdə hazırladığını bildirib: “ İşçi qrupu işini iki istiqamətdə hazırlayır. Uzunmüddətli perespektivdə biz Yaşıl Naxçıvan konsepti ətrafında beynəlxalq məsləhətçi şirkətlə strateji hədəfləri müəyyənləşdirib bunu tədbirlər planına çevirəcəyik. Amma Naxçıvandakı işlərə başlamaq üçün bizim məsləhətçi şirkətin fikirlərini gözləmək fikrimiz yoxdur. Ona görə qısamüddətli tədbirlər planı da hazırlanacaq. Ona görə bizim təqdim edəcəyimiz plan iki hissəli olacaq. Birincisi, uzunmüddətli strateji plan - Naxçıvan Yaşıl enerji zonasına çevrilsin, ikincisi qısamüddətli plan isə uzunmüddətli plan dövriyyəyə girənə kimi hansı işlər görülməlidir. Səfərimizin məqsədi, ilk olaraq, uzunmüddətli planda məsləhətçi şirkətin cəlbi üçün texniki tapşırığın hazırlanmasına başlamaqdır. Bu həftə ilkin layihəsi təqdim olunacaq. Əməkdaşlarımız qısa dönəmli planın eskizlərini artıq müəyənləşdirməyə çalışırlar. İnanırıq ki, Naxçıvanımızı dünyada ən yaxşı örnək olaraq göstərilən Yaşıl məkana çevirəcəyik. Naxçıvanda 500 meqavatı biz artıq tapşırıq olaraq qəbul etmişik. Amma Naxçıvanın potensialı bundan da çoxdur. Buna görə sistem stabilləşməlidir və bu ixracla əlaqələndirilməlidir. Amma bütünlükdə nəinki 500 meqavat, inanırıq ki, burada qurulacaq günəş və külək bərpa olunan enerji mənbərlərindən əldə ediləcək enerji istehsalının ölçüsü daha çox olacaq. Naxçıvan istehlak nöqteyi nəzərindən kifayət qədər çox böyük ərazi deyil, burada istehlak 100 meqavata çatır. Türkiyə və İran bazarının mövcudluğu, indiyədək onlarla olan enerji mübadiləsi təcrübəsinin olması bunan imkan verir ki, Naxçıvan nəinki regionda, hətta dünyada ən örnək Yaşıl enerji məkanına çevrilsin”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *