Oktyabrın 20-si Energetiklər Günüdür

image

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On doqquz ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 42 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Bu gün Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edir

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

İşğaldan azad olunan ərazilərimizdə işıqlı günlər başlayır

Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində “Şimal” Kiçik Su Elektrik Stansiyası, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, Xocavənd rayonunda “Hadrut” qovşaq yarımstansiyası, Kəlbəcər rayonunda “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası, Laçın rayonunda “Qorçu” yarımstansiyası, “Laçın” şəhər yarımstansiyası, Laçın rayonunda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, Zəngilan rayonunda “Cahangirbəyli” Su Elektrik Stansiyası istifadəyə verilib.

Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib. “Çıraq-1” və “Çıraq-2” stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq “İstisu” elektrik verilişi xətti yenidən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib. Bu yarımstansiya “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Eynilə 3,6 meqavat gücündə “Çıraq-2” Su Elektrik Stansiyasının da baş suqəbuledici qurğu, 3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı müasir ekoturbin, generator, idarəetmə və avtomatika panelləri quraşdırılıb. “Çıraq-1” və “Çıraq-2” stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq. “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib.

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya “Mişni” stansiyası ilə yanaşı, “Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki ekoturbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək. Prezident İlham Əliyevin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 milyon kilovat-saat, yəni 0,13 faiz artaraq 21 milyard 538,6 milyon kilovat-saat olub. Bu müddət ərzində elektrik enerjisi istehsalı İES-lərdə 19 milyard 854,5 milyon kilovat-saat, SES-lərdə 1 milyard 417,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 267 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 53,2 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 169,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 19 milyard 404,6 milyon kilovat-saat (İES-lərdə 18 milyard 78,3 milyon kilovat-saat, SES-lərdə 1 milyard 326,3 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 368,2 milyon kilovat-saat (İES-lərdə 240 milyon kilovat-saat, SES-lərdə 79,5 milyon kilovat-saat, Günəş ES-də 48,7 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,4 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 731,4 milyon kilovat-saat təşkil edib.

2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payı 30 faizə çatacaq

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir. Bu gün əsas məqsəd Azərbaycan Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.

Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpaolunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Energetika Nazirliyi tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpaolunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 meqavat, 460 meqavat və 600 meqavat həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür.

Bərpaolunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpaolunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək.

2021-ci il yanvarın 6-da keçirilən 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsini xüsusi olaraq vurğulayıb və bu məqsəd ilə bağlı qarşıya vəzifələr qoyub. Bununla əlaqədar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə vəsait ayrılıb.

Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır.

Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *