2022-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə görülmüş işlər açıqlanıb.
"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
2022-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmış, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos yarımstansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilmişdir.
Şərur rayonunda gücü 3 MVt olan yeni günəş elektrik stansiyası istismara verilmiş, eyni zamanda həmin ərazidə 3 MVt gücündə daha bir günəş elektrik stansiyasının tikinti-quraşdırma işlərinə başlanılmışdır.
Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiya tipli 36 MVt gücündə Ordubad Su Elektrik Stansiyasının və gücü 15,6 MVt olacaq Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilmiş, eyni zamanda Ordubad rayonunda gələcəkdə külək turbinlərinin istismarının texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılmış və lazımı ölçmə işləri aparılmışdır.
Culfa rayonunda yeni 10 ədəd 30 kVt külək turbinlərinin quraşdırılması başa çatdırılmış və Stansiya istismara verilmişdir. Ümumilikdə 2022-ci il ərzində muxtar respublika ərazisində 23 ədəd 10/0,4 kVluq və 35/0,4 kV-luq yeni transformator yarımstansiyaları quraşdırılmış, 320 ədəd 10/0,4 kV-luq transformator yarımstansiyalarında cari təmir işləri aparılmış, 42,5 km uzunluğunda 10 və 0,4 kV-luq yeni elektrik verilişi xətləri çəkilmiş, 251,8 km uzunluğunda 10 və 0,4 kV elektrik verilişi xətlərində təmir işləri aparılmış, 16,9 km uzunluğunda 35 kV və aşağı gərginlikli hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı 01.01.2023-cü il tarixinə 97 832 ədəd olmuşdur.
Rəylər (0):