Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda iştirak edib

image

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib.

Bu barədə "Berpaolunanenerji.az" nazirliyə istinadən xəbər verir.

Nazir enerji məsələləri üzrə beynəlxalq ekspert Brenda Şafferin moderatorluq, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar və beynəlxalq ekspert Metyu Brayzanın iştirak etdiyi paneldə Forumu Türkiyənin qlobal gündəlikdə olan məsələlərin dialoq müstəvisinə keçirilməsinə töhfə verən təşəbbüslərindən biri kimi qiymətləndirib.

Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə də etibarlı tərəfdaş olduğu və Azərbaycanın bütün enerji təhlükəsizliyi layihələrini Türkiyə ilə birgə reallaşdırdığı vurğulanıb. 

Ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təbii qazla bərpa olunan enerjinin birgə inkişafında gördüyünü deyən nazir, hər iki sahə üzrə hədəfləri və planları diqqətə çatdırıb.

Energetika naziri yalnız Xəzər dənizinin qazını deyil, həm də zəngin külək enerjisi potensialından yararlanmaqla  elektrik enerjisinin ixracı ilə bağlı planları da diqqətə çatdırıb. 

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *