Zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsətdir.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazovun “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində deyilir.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir: “Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə bp ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik, təxminən, 500 mln. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür”.
Rəylər (0):