Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
"Berpaolunanenerji.az" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olublar.
Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev: Lev çayı bizim gözəl çaylarımızdan biridir. Uzunluğu o qədər də böyük deyil – təxminən 20 kilometrə yaxındır. Ancaq mənbəyi Azərbaycandadır və bu gündən elektrik enerjisi istehsalına xidmət edəcək.
Dövlət başçısı və birinci xanım daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
Rəylər (0):