“Ağdamın baş planı təsdiq olunub və baş plan cənab Prezident tərəfindən ictimaiyyətə təqdim olunub. Baş planla əlaqədar ictimaiyyətə geniş məlumatlar təqdim olunub. İnsanları ən çox Ağdamda yaşayış binalarının tikintisi maraqlandırır. Əlbəttə ki, bu, çox vacib məsələdir. Çünki bizim əsas məqsədimiz Ağdamdan olan məcburi köçkün vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Ona görə də, bu hədəfə yönəlmiş bütün tədbirlər həyata keçirilməlidir”.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O bildirib ki, baş planda söhbət təkcə onlar üçün yaşayış binalarının tikilməsindən getmir, həm də çoxsaylı iş yerlərinin yaradılması nəzərdə tutulur:
“Ağdamın “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikilməsi nəzərdə tutulur. Buradakı binaların da xüsusi beynəlxalq standartlara uyğun olaraq ”ağıllı binalar” tipologiyasına uyğun olaraq inşası nəzərdə tutulur. Onu da qeyd edim ki, Ağdam Azərbaycanın ən günəşli rayonlarından biridir. Son 50 ilin məlumatına əsasən, ilin 2/3 hissəsi günəşli gün hesab olunur. Bu, ondan xəbər verir ki, Ağdamın günəş enerjisinin inkişafı baxımından böyük potensialı var, burada bərpaolunan enerjidən istifadə etmək olar. Ona görə də binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınacaq. Daha çox enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verəcəyik. Bütün bunlar diqqətlə təhlil olunur. Hazırda layihələndirmə mərhələsindəyik. Baza infrastrukturu tamamlanma üzrədir. Bundan sonra yaxın zamanda genişmiqyaslı tikinti işlərinin şahidi olacağıq. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”.
Rəylər (0):