Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin texniki və maliyyə məsələləri, həmçinin onun ümumi dəyərinə dair tədqiqatlar davam edir. Bu işlər cari ilin sonunadək başa çatdırılmalıdır.
Renewables.az "AZƏRTAC"a istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın maliyyə naziri Laşa Xutişvili söyləyib.
Bildirilib ki, Azərbaycandan və Gürcüstandan elektrik enerjisini Avropaya ötürəcək kabelin çəkilməsi haqqında saziş bu iki ölkənin, eləcə də Rumıniya və Macarıstan hökumətləri tərəfindən 2022-ci ilin dekabrında imzalanıb.
“Bu cür araşdırmaların aparılması bizim də maraqlarımıza uyğundur. İlin sonunda həm texniki, həm də maliyyə-xərc hissəsi ilə bağlı araşdırmamız olacaq. Yəni, layihənin Gürcüstana təxminən neçəyə başa gələcəyi və nə qədər gəlirli olacağı aydınlaşacaq”, – deyə L.Xutişvili vurğulayıb.
Onun sözlərinə görə, tədqiqatın nəticələri ilin sonuna qədər hazır olmalıdır və onu Dünya Bankı tərəfindən seçilmiş şirkət hazırlayacaq.
Tədqiqatın nəticələri dərc edildikdən sonra maliyyə modeli yaradılacaq. Bu layihəyə bir çox beynəlxalq maliyyə institutları cəlb olunacaq.
“Ola bilsin ki, müxtəlif ölkələrin və tənzimləyici təşkilatların iştirakı ilə layihənin maliyyə mənbəyi beynəlxalq maliyyə institutu olsun. Yəni, layihə birbaşa beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilə bilər”, - deyən nazir əlavə edib ki, layihə Avropada və Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpaolunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır.
Avropa İttifaqı Qara dənizdən keçən sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir. Dünya Bankı Qara dənizin dibinin ətraflı öyrənilməsi üçün Gürcüstana əlavə 75 milyon dollar ayıracağına söz verib.
Layihə reallaşarsa, min meqavat gücündə və 1195 kilometr uzunluğunda olacaq kabel (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü kabel) Gürcüstanı Şərqi Balkan regionu ilə birləşdirəcək.
Rəylər (0):