Brüsseldə keçiriləcək Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının iclasında digər məsələlərlə yanaşı, Avropanın elektrik enerjisi ilə təmini məqsədilə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi müzakirə olunacaq.
Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti rumıniyalı həmkarları ilə birgə layihə üzərində işləyir:
“Bu, Gürcüstan və Rumıniyanı birləşdirmək məqsədilə Gürcüstanda rəqəmsal mərkəzin formalaşmasını sürətləndirmək üçün alternativ, etibarlı kanal olacaq”.
O, layihənin texniki imkanlarının artıq müəyyən edildiyini və faktiki olaraq təsdiqləndiyini qeyd edib:
“Biz artıq layihənin icrasının texniki təfərrüatları, o cümlədən maliyyə vəsaitlərin cəlb edilməsi və digər məsələlər barədə müzakirələr aparırıq”.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan və Gürcüstandan elektrik enerjisinin Avropaya ötürülməsi üçün kabel xəttinin çəkilməsi haqqında saziş imzalanıb. Bu sənədə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan imza atıb. Layihə Avropa və Cənubi Qafqazda enerji təhlükəsizliyini gücləndirmək, həmçinin bərpa olunan enerji sahəsini inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır.
Avropa İttifaqı layihənin həyata keçirilməsi üçün 2,3 milyard avro məbləğində maliyyə vəsaiti ayırmaq niyyətindədir.
Rəylər (0):