Qazaxıstan şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçiriləcək

image

Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib. İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

Energetika Nazirliyindən "Berpaolunanenerji.az"a bildirilib ki, iclasda çıxış edən energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov Baxıt Sultanovu Hökumətlərarası Komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Hökumətlərarası Komissiyanın Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin davamlı inkişafında mühüm rol oynadığını qeyd edib və bugünkü tədbirin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yeni imkanların yaradılmasında məhsuldar olacağına inamını ifadə edib. Nazir Azərbaycan və Qazaxıstanın ümumi tarixə, oxşar mədəni və mənəvi dəyərlərə əsaslanan möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlandığını, bugünkü yüksək səviyyəli qarşılıqlı münasibətlərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstanın Elbası Nursultan Nazarbayevin əvəzolunmaz xidmətləri sayəsində əldə edildiyini vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, hazırda Azərbaycanda enerji səmərəliliyi və enerjinin istehsalı və istehlakında bərpaolunan enerji mənbələrinin payının artırılması sahəsində kompleks tədbirlər görülür. Bu istiqamətdə təcrübə mübadiləsinin uğurla həyata keçirildiyi və sahəyə maraq göstərən Qazaxıstan şirkətləri ilə əməkdaşlıq imkanlarının da nəzərdən keçiriləcəyi vurğulanıb.

İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov imzalayıblar.

Komissiyanın 18-ci iclasının 2022-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.


 

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *