Qazaxıstanda 247 MVt gücündə hibrid elektrik stansiyasının təməli qoyulub

image

Qazaxıstanın milli neft-qaz operatoru KazMunayGas ASC (KMG) ilə İtaliyanın Eni S.p.A. şirkətinin birgə investisiyası əsasında ölkənin Janaozen vilayətində 247 MVt gücündə günəş-külək-qaz tipli hibrid elektrik stansiyasının (HES) təməli qoyulub.

Renewables.az KMG-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, günəş elektrik stansiyası 50 MVt, külək elektrik stansiyası 77 MVt, qaz turbin elektrik stansiyasının gücü isə 120 MVt olacaq.

Təməlqoyma mərasimi KMG-nin İdarə Heyətinin sədri Asxat Xassenovun, Eni şirkətinin Qazaxıstan üzrə ölkə rəhbəri Seqer Hoytinkin, energetika nazirinin müavini Sunqat Yessimkhanovun və digər rəsmi şəxslərin iştirakı ilə baş tutub. 

Hibrid layihə, Eni Plenitude tərəfindən hazırlanmış bərpa olunan enerji mənbələrindən (külək və günəş) elektrik enerjisinin birgə istehsalını və Eni-nin beynəlxalq sənaye təcrübəsindən istifadə edərək elektrik enerjisi istehsalını balanslaşdırmaq və sabitləşdirmək üçün qaz turbin elektrik stansiyasını əhatə edir.

HES KMG-nin regiondakı törəmə şirkətlərini, o cümlədən Ozenmunaygas və Qazaxıstan qaz emalı zavodunu dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin edəcək ki, bu da elektrik təchizatının tez-tez kəsilməsi səbəbindən istehsalın dayandırılması risklərini aradan qaldıracaq. Tikinti mərhələsində 800-ə qədər, istismar zamanı isə 70-ə qədər işçi qüvvəsi cəlb olunacaq.

Bildirilib ki, layihə Mangistau regionunda enerji təchizatının şaxələndirilməsinə və dekarbonlaşdırılmasına yönəlib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *