İyulun 7-8-də Energetika Nazirliyi ilə “Masdar” və bp şirkətləri arasında mövcud əməkdaşlıq çərçivəsində “Greentech Summer Camp 2021" adlı təlim proqramı təşkil edilib.
"Berpaolunanenerji.az" nazirliyə istinadən xəbər verir ki, təlim proqramı Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Elektrik Stansiyasında həm fiziki, həm də onlayn təşkil edilməklə hibrid formada keçirilib. Proqramın əsas mövzusunu bərpaolunan enerji mənbələrindən istifadə, günəş və külək enerjisi, dənizdə külək enerjisi, hidrogen enerjisi, elektroliz vasitəsi ilə “yaşıl hidrogen”in istehsalı, hidrogen yanacaq elementlərinin əsasları və “yaşıl enerji” texnologiyalarının tətbiqi təşkil edib. Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi, “Masdar” və bp şirkətlərinin mütəxəssislərinin məruzələri təqdim edilib və müzakirələr aparılıb.
Təlimin ikinci günündə iştirakçılara sertifikatlar təqdim edilib. Təqdimetmə mərasimində Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Masdar” şirkətinin baş meneceri Husain Al Meer də iştirak ediblər.
Tədbirdə çıxış edən Z. Məmmədov bildirilib ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2030-cu ilə qədər ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib: “Azərbaycanın elektroenergetika sistemində bərpaolunan enerjinin qoyuluş gücü olaraq payını 30%-ə çatdırmaq hədəfi, özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası” na çevrilməsi ilə bağlı planlar beynəlxalq şirkətlərlə enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində təhsil müəssisələri və əlaqədar qurumlar üçün məlumatlandırma və təcrübə mübadiləsi tədbirlərinə də xüsusi önəm verilir ki, hazırkı iki günlük təlim proqramı bunun bariz nümunəsidir".
bp şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Biz çox məmnunuq ki, Azərbaycan hökuməti dünyanın az karbonlu enerjiyə olan ehtiyacını qarşılamaq üçün qlobal səyləri fəal dəstəkləyir və ölkədə davamlı bərpaolunan enerji sektorunun inkişafı istiqamətində geniş işlər aparır. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkənin bərpaolunan enerji sahəsində beynəlxalq bilikləri bölüşmək və təcrübə mübadiləsi aparmaq səylərini həmişə dəstəkləmişik. Düşünürük ki, bu fəaliyyətlər Azərbaycanla enerji sahəsində olan əməkdaşlığımızı genişləndirmək və ölkənin enerji keçidinə dəstək vermək üçün yeni imkanlar açır. Eyni zamanda, bu, bp-nin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlmiş yeni məram, hədəf və strategiyasına da uyğundur. Hədəfimiz 2050-ci ilə qədər və ya daha tez “xalis sıfır” emissiyaya nail olmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir, yeni strategiyamızın müəyyənləşdirdiyi işlər isə bizi bu hədəfə çatdıracaq.”
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatlarımızın neft və qaza əsaslandığı ümumi irsi bölüşsələr də, bu gün ölkələrimiz anlayırlar ki, şaxələndirilmiş enerji balansına investisiyalar yalnız düzgün etik seçim deyil, həm də ağıllı iqtisadi strategiyadır. İqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün lazım olan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə, bilik və bacarıqların toplanmasına kömək edəcək, həmçinin bizim hamımıza təsir edən qlobal problemin həllinə əməli töhfə verəcəkdir. “Masdar” 2006-cı ildən etibarən iqlim dəyişikliyi probleminin həllində fəal rol oynayır və Azərbaycanın bərpaolunan energetika sahəsini inkişaf etdirməyə, enerji mənbələrini şaxələndirməyə və davamlı inkişafı stimullaşdırmağa kömək etmək üçün dünyanın 30-dan çox ölkəsində topladığımız təcrübədən istifadə etmək bizim üçün böyük şərəfdir”, - deyə Husain Al Meer bildirib.
Təlim proqramında ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, həmçinin Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, SOCAR, bp, “Masdar” şirkəti və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.
Rəylər (0):