Oktyabrın 20-dən başlayaraq Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində Energetika Nazirliyi də iştirak edir.
"Berpaolunanenerji.az" xəbər verir ki, Nazirlik Azərbaycan Dövlət Neft Şirkəti, “Azərenerji” ASC və “Azərişıq” ASC ilə birgə “Qarabağ Yaşıl Enerji Zonası” adlı stendlə təmsil olunur.
Stenddə sərgi iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan enerji layihələri barədə məlumat verilir, Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı, azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişafı imkanları, enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə əlaqədar görülmüş işlər və gələcək planlar haqqında həm video, həm də statik formada materiallar nümayiş olunur, “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” adlı təqdimat keçirilir.
Sərgidə iştirakın əsas məqsədi regiondakı enerji obyektlərinin yenidən qurulması, zəruri infrastrukturun bərpası prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgələrin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirməkdən ibarətdir.
Rəylər (0):