Regionun enerji sahəsində ən mühüm hadisəsi: Bakı Enerji Həftəsi başlayır

image

4-6 iyun tarixlərini əhatə edən, regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi başlayır.

Renewables.az-ın media dəstəyi ilə keçirilən Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu.

“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaqdır. "Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu.

Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrildi.

Sərgi və forum iştirakçılarına ABŞ, Böyük Britaniya və Türkiyə dövlət başçılarından təbrik məktubları göndərilib. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər 

şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir: Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və Qabaqcıl Texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Macarıstan Xarici İşlər və Ticarət naziri Piter Siyyarto, Macarıstanın Energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera, Beynəlxalq Enerji Xartiyası Baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən, Atsuko Hiroşe, Dünya Enerji Konqresinin Baş katibi və icraçı direktoru Angela Vilkinson, İraq Respublikasının Neft nazirinin enerji məsələləri üzrə  müşaviri AbdulBaqi K. AlSalait, Sloveniya Respublikasının Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen, Əlcəzairin Energetika və Mədən Nazirliyinin baş katibi Abdelkrim Aouissi və bp Qrupunun Hasilat və Əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaqdır.

Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaqdır.

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaqdır.

Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaqdır. Sərgi günlərində "Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması", Yeni texnologiyalar və rəqəmsallaşma", “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı”, “Radioaktiv maddələrin  nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Enerji sənayesində süni intellekt pionerləri", "Yüksək texnikaya uyğunlaşdırılmamış boru kəmərlərinin standart avadanlıqla yoxlanılması üçün həllər", "Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları", eləcə də "Azərbaycanın neft-qaz sektorunda qadınların rolu" mövzularında panel müzakirələri keçiriləcəkdir.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər təbir isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaqdır. Ənənəvi olaraq, foruma 600-dən çox nümayəndənin qatılacağı gözlənilir. Bu ilki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaqdır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi  qonaqlar dəvət olunub. 

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Ecoleaf” adlı startapı nümayiş olunacaq. Startapın ideyası başlıq hissəsində toxum olan qələmlər və tərkibində bitki toxumu olan qeyd dəftərləridir. Forumda iştirak edən nümayəndələrə də bu ekoloji təmiz məhsullar təqdim olunacaq.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

Bununla yanaşı, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzinin foyesində “Heydər Əliyev adına yarımdalma qazma qurğusu” maketi, "Mədəni" rəqəmsal kontent müəllifi tərəfindən rəqəmsal rəsmlər toplusu, Qərbi Kaspi Universitetinin “Dizayn” fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunacaq.

Tədbir çox sayda sponsorlar cəlb edir. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsin builki sponsorları “ABB”, “ACWA POWER”, “ADNOC”, “AIQ”,  “Ansaldo Energia”, “AZFEN”, “Baku Steel Company”, “bp”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Deloitte & Touch”, “GAP İnşaat”, “GL”, “INPEX”, “John Wood Group PLC” ("Wood"), “KOLIN İnşaat”, “Masdar”, “MOL Group”, “Nobel Energy”, “Photomate”, “Saudi Aramco”, “SEE BREEZE”, “SLB”, “TEKFEN”, “TotalEnergies”, “Turkiye Petrolleri”, “Uniper” və “Ural Steel” şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” şirkəti çıxış edir.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Bakı Enerji Həftəsi ötən il olduğu kimi 2024-cü ildə də Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

Bakı Enerji Həftəsi haqqında ətraflı məlumatları www. bew.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *